Ötən gün Elm və təhsil naziri Emin Əmrullayev çıxışında maraqlı məsələyə toxunub. O bildirib ki, Azərbaycanda ümumi təhsil müəssisələrində Çin dilinin tədrisi nəzərdə tutulur. Nazir qeyd edib ki, dünya dilləri arasında önəmi artmaqda olan Çin dili, gələcək əmək bazarı və beynəlxalq əməkdaşlıq baxımından böyük perspektiv vəd edir.
Bəs,görəsən, məktəblərdə Çin dilinin tədrisi necə təşkil olunacaq?
Bu dil hansı siniflər üçün keçərli ola bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, ümumiyyətlə, ölkəmizdə müxtəlif dillərin tədris prosesinin həyata keçirilməsinə meyilli olmalıyıq:
"Burada əsas müxtəlif dillər dedikdə, xüsusilə aparıcı dillər nəzərdə tutulur. Aparıcı dillərin ölkə ərazisində tədrisinə xüsusi diqqət yetirilməlidir. Çin dili də, eləcə də beynəlxalq dillərlə yanaşı, aparıcı dillərdən hesab olunur. Çünki hazırda dünya əhalisinin böyük bir qismi Çin dilində danışır. Çinlə Azərbaycanın da əməkdaşlığı, bildiyiniz kimi, son olaraq ölkə başçısının Çinə səfəri və Çin dövlətinin Azərbaycana olan diqqət və qayğısı, həmçinin ölkə başçısının yüksək səviyyədə qarşılanması, məhz Azərbaycanla Çin dostluq əlaqələrinin inkişafına atılan böyük bir addım idi.
O prosesdən sonra, əlbəttə ki, müxtəlif sahələrdə olduğu kimi, təhsil sahəsində də Azərbaycan və Çin arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Bu əməkdaşlığın nəticəsi olaraq, Azərbaycanda ümumtəhsil məktəblərində Çin dilinin tədris prosesinin həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Ümumiyyətlə, gəlin bunu belə analiz edək: Çin dili hazırda Azərbaycandadırmı? Hansı səviyyədə tədris olunur? Azərbaycan təhsil sistemində Çin dili var. Çünki qəbul prosesinə baxsaq, ali təhsil müəssisələrində iki sahə üzrə birincisi, regionşünaslıq (Çin dili), ikincisi isə tərcümə (Çin dili) ixtisaslarına rast gəlindiyini görürük.
Bu da onu göstərir ki, əgər bu ixtisaslar varsa və bu ixtisası bitirənlərin iş imkanlarının genişlənməsi nəzərdə tutulursa, əlbəttə ki, orta məktəblərdə də Çin dilinin tədrisinin aparılması bu sahəyə müəyyən qədər töhfə verəcək".
"5-ci sinifdən Çin dilinin tədrisi daha məqsədəuyğun hesab oluna bilər",- deyə ekspert fikrinə əlavə edib:
"Hətta xarici dil kimi ali təhsil məktəblərində qəbul proqramına da Çin dilinin salınması doğru olar. Çünki əgər ümumtəhsil məktəblərində tədrisi aparılacaqsa, avtomatik olaraq ali təhsil məktəblərində qəbul imtahanlarında da xarici dil kimi Çin dilinin seçilməsi mütləq olmalıdır.Bu baxımdan da düşünürəm ki, Çin dilinin tədrisi xarici dil kimi, yaxud da pedaqoji ixtisaslar üzrə ali təhsil məktəblərində də ixtisasların açılması gözləniləndir. Çünki əgər ümumtəhsil məktəblərində bu tədris prosesi həyata keçiriləcəksə, hesab edirəm ki, məhz Çin dili müəllimliyi ixtisası üzrə də ali məktəblərdə plan yeri ayrılacaq.
Bununla yanaşı, eyni şəkildə qarşılıqlı əlaqələr olduğu üçün hesab edirəm ki, Azərbaycan dilinin də Çində tədrisi həyata keçiriləcək. Bu da istər-istəməz bu sahəyə meyilli olan vətəndaşlarımız üçün həm iş imkanlarını genişləndirəcək, həm də Çin-Azərbaycan iqtisadi əlaqələrində Çin dilinin bilinməsi həmin əlaqələrin inkişafına mühüm təsir göstərəcək.
Ona görə də mən bunu məqsədəuyğun hesab edirəm və düşünürəm ki, xarici dil kimi Çin dilinin Azərbaycan ümumtəhsil və ali məktəblərində tətbiqi və tədrisi həm Azərbaycan iqtisadiyyatı, həm də gələcək perspektiv baxımından mühüm amillərdən biridir.
Fikrimcə, ümumtəhsil məktəblərində Çin dilinin tədrisi 4-cü sinifdən sonra, yəni 5-ci sinifdən etibarən həyata keçirilə bilər. Bununla yanaşı, ali təhsil müəssisələrində də Çin dili üzrə xarici dil imtahanının təşkili mütləqdir. Hazırda mövcud olan regionşünaslıq Çin dili və tərcümə Çin dili ixtisasları ilə yanaşı, "Çin dili və ədəbiyyatı", həmçinin "filologiya -Çin dili" üzrə yeni ixtisasların yaradılması məqsədəuyğun olar. Bu, həm iqtisadi əlaqələrin inkişafı, həm də Çinlə olan əməkdaşlığın genişləndirilməsi baxımından ölkə ictimaiyyəti üçün vacib amillərdən biridir".