Azedu.az

"30 bal toplaya bilməyən müəllim sinifə buraxılmamalıdır"

Təhsil ekspertləri

Sertifikasiya

23 İyun 2025, 10:02
"30 bal toplaya bilməyən müəllim sinifə buraxılmamalıdır"

2025-ci il üzrə müəllimlərin sertifikasiya imtahanları təhsil sistemindəki ciddi problemləri bir daha üzə çıxardı.

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədovun fikrincə, nəticələr Azərbaycan məktəblərində “müəllim” adını daşıyan, lakin bu ada layiq olmayan yüzlərlə, hətta minlərlə şəxsin olduğunu sübut etdi.

163009

Ekspert bildirir ki, imtahanda 30 bal toplaya bilməyən bir şəxs nəinki müəllim adını daşımağa layiqdir, ümumiyyətlə, şagird qarşısına çıxacaq səviyyədə deyil:

 

“İndi bu şəxslərə görə qaydaları yumşaltmaq, güzəşt axtarmaq, bəraət qazandırmaq gələcəyimizə qarşı xəyanətdir. Sosial şəbəkələrdə “illərlə dərs deyiblər”, “uşaq böyüdürlər”, “ac qalmasınlar” kimi arqumentlər səsləndirənlər əslində təhsili deyil, sistemin çöküşünü müdafiə edirlər. Valideynlər belə şəxslərə övladlarını etibar etməklə böyük bir səhvə yol verirlər. Onu məktəbdə saxlayan direktorlar, müdafiə edən cəmiyyət də bu prosesin günah ortağına çevrilir. Bir müəllim eyni suallarla keçirilən imtahanda iki dəfə uğur qazana bilmirsə, onun artıq bu peşədə yeri yoxdur. Sertifikasiya bacarıqlı müəllimlə savadsızı ayırmaq üçün son və obyektiv mexanizmdir. Əgər bir müəllim deyirsə ki, “imtahandan kəsildim, çünki suallar çətin idi”, o zaman illərlə dərs dediyi şagirdlərə cavab versin. Öz fənnindən xəbərsiz olan biri şagirdə nə öyrədib? Ac qalmasınlar deyə savadsız müəllimləri məktəblərdə saxlamaq gələcəyin məhv edilməsinə bərabərdir. Əgər vicdanınız imkan vermirsə onları çöldə qoymağa, o zaman maaşınızı onlarla bölüşün, evinizə aparın. Amma məktəbdən uzaq tutun. Məktəb sosial yardım yeri deyil cəmiyyətin təməlidir”.

 

K.Əsədov sonda vurğulayıb ki, təhsil sistemində son ümid nöqtəsi olan sertifikasiya mexanizminin qarşısını almağa çalışan hər kəs bir həqiqəti qəbul etməlidir:

 

"Bu ölkədə gələcək yalnız bilikli, bacarıqlı, əxlaqlı və peşəkar müəllimlə qurula bilər. Qalanları ya dəyişməli, ya da təhsil sistemindən silinməlidir".

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox