Azedu.az

Polis Akademiyasına I qruplar da qəbul OLUNACAQ

Təhsil ekspertləri

11 Oktyabr 2024, 14:56
Polis Akademiyasına I qruplar da qəbul OLUNACAQ

“Növbəti ildən Polis Akademiyasına qəbul planında 500 nəfər hüquqşünaslıq, 25 nəfər informasiya təhlükəsizliyi ixtisasları üzrə kursant qəbulu aparılacaq”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd edib.

 

O, söyləyib ki, Polis Akademiyası Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ali təhsil ocağıdır:

 

“Hər il Polis Akademiyasına tələbə qəbulu həyata keçirilir. Bir neçə ildir bu akademiyaya qəbul yalnız III ixtisas qrupuna, hüquqşünaslıq ixtisası üzrə aparılır.

Akademiyaya yalnız oğlan abituriyentlər müraciət edə bilər. Lakin bu il qızların da qəbulunun aparılıb-aparılmayacağı barədə rəsmi məlumat verilməyib. Həmin məlumat qeydiyyat prosesi başlayanda məlum olacaq”.

 

Ekspert bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumata əsasən bu il I ixtisas qrupunu seçən abituriyentlər də Polis Akademiyasına qəbul oluna biləcək:

 

“Artıq bu tədris ilində I ixtisas qrupunun Rİ altqrupuna aid olan informasiya təhlükəsizliyi ixtisası üzrə də Polis Akademiyasına tələbə qəbulu mümkün olacaq. Onu da qeyd edim ki, sonuncu qəbul ilində plan yeri 300-dən 500-ə qədər artırılmışdır.

Bu da əsasən işğaldan azad edilmiş ərazilərdə polis vakant yerlərinə ehtiyacın olunması ilə əlaqələndirilir. Həmin plan yeri dəyişməz olaraq qalır. Yəni 500 plan yeri bu ildə III ixtisas qrupunun hüquqşünaslıq ixtisası üzrə həyata keçiriləcək. Bununla yanaşı 25 yer I ixtisas qrupunun informasiya təhlükəsizliyi ixtisası üzrə müəyyənləşəcək”.

 

Həmsöhbətimiz vurğulayıb ki, hər il yanvar-mart aylarında Polis Akademiyasına qəbul həyata keçirilir:

“Abituriyent qeydiyyatda polis idarəsinə yaxınlaşaraq müvafiq sənədləri təqdim edir. Onlar yoxlanıldıqdan sonra abituriyent idman sahəsi üzrə müvafiq qabiliyyət imtahanı verir. Abituriyentlər müxtəlif normativlər tələb edilir. Əsasən bu normativ 4 istiqamət üzrə aparılır”.

 

R.Nurəliyev bildirib ki, qabiliyyət imtahanında müsbət nəticə alan abituriyentlər Daxili İşlər Nazirliyin təşkil etdiyi xüsusi komissiya tərəfindən tibbi yoxlanışdan keçirilir:

 

“Tibbi yoxlanışdan və qabiliyyət imtahanından müsbət nəticə alanlar mandat- müsahibə mərhələsinə keçid edirlər. Bütün bu mərhələlərin hər birini müvəffəqiyyətlə başa vuran abituriyentlər artıq Dövlət İmtahan Mərkəzinin qəbul imtahanına buraxılır. Qəbul imtahanında topladığı bala əsasən Polis Akademiyasına yerləşdirilir. Məsələn, əgər, müsahibəyə 1000 nəfər buraxılırsa, burada ən yaxşı bal toplayan 500 nəfər seçilərək qəbul olunur.

Bu akademiyaya qəbul olan hər kəslə müqavilə bağlanılır. Abituriyent 18 yaşından aşağıdırsa, müqaviləni həmin tələbənin valideyni bağlayır”.

 

Qeyd edək ki, Polis Akademiyasına tələbə qəbulu əsasən bu normativlər əsasında aparılır:

 

Abituriyentlər fiziki hazırlıq imtahanı (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 8 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə).

 

Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);

– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);

– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);

– oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd  fotoşəkil.

 

Polis Akademiyasına son illərdə qəbul üzrə keçid balları:


2021-2022 tədris ilində 472 bal;
2022-2023 tədris ilində 468 bal;
2023-2024 tədris ilində 439 bal;
2024-2025 tədris ilində 451 bal.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox