Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 3 şagirdi XI sinif üzrə buraxılış imtahanlarında maksimum nəticə göstərib.
AzEdu.az-a idarədən bildirilib ki, 2 mart 2025-ci il tarixdə keçirilmiş XI sinif üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Şəki rayon Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Orxan Abdulsəmədli, Qəbələ rayonu Uludaş kənd tam orta məktəbin XI sinif şagirdi Ömər Rəsulov və Şəki şəhər Kimya-biologiya təmayüllü respublika liseyinin Xı sinif şagirdi Məhəmməd İsmayılov 300 bal toplayaraq maksimum nəticə göstərib.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə 100 bal olmaqla, ümumilikdə 300 bal maksimum nəticə hesab olunur.
Məzunlarımızı təbrik edir, onlara gələcək həyatlarında daha yüksək uğurlar arzulayırıq!