Təhsilverənlərin sertifikatlaşdırılması prosesi artıq həm test, həm də müsahibə mərhələsi üzrə yekunlaşıb. Prosesdə iştirak edən bütün müəllimlər öz nəticələrindən xəbərdardır.
Müsahibə mərhələsində yüksək nəticə əldə edənlərdən biri də Dünya Həsənlidir.
O, imtahanla bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb:
"2012-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İnformatika müəllimliyi ixtisası üzrə birinci ali təhsilimi almışam. İndi isə Azərbaycan Universitetinin İnformasiya texnologiyaları fakültəsi üzrə isə ikinci ali təhsilimi davam etdirirəm.
Artıq 5 illik pedaqoji fəaliyyət təcrübəm var. Bu müddət ərzində Kaspi Liseyi (Ağ şəhər filialı), Bakı şəhəri 136 nömrəli tam orta məktəb, həmçinin Qobustan rayonu Ərəbqədim kənd tam orta məktəbi kimi təhsil müəssisələrində çalışmışam.
Hal-hazırda Abşeron rayonu S. Məmmədov adına Digah qəsəbə tam orta məktəbində informatika müəllimi kimi fəaliyyət göstərirəm.
Sertifikasiyanın test mərhələsindən 56, müsahibə mərhələsində isə 39 bal toplamışam.
Məncə, sertifikasiya çətin deyil - məsuliyyətli müəllim üçün bu sadəcə özünü təsdiqləmək imtahanıdır.
Test mərhələsindəki suallar fənn üzrə bilik və təcrübəyə malik hər bir müəllimin uğurla cavablandıra biləcəyi səviyyədə hazırlanmışdı.
Pedaqoji fəaliyyətim dövründə dərs dediyim şagirdlər Bebras Milli Hakaton və digər bilik yarışmalarında uğurla çıxış etmiş, eləcə də müxtəlif ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuşlar".