Təhsilverənlərin sertifikatlaşdırılması prosesi artıq həm test, həm də müsahibə mərhələsi üzrə yekunlaşıb. Prosesdə iştirak edən bütün müəllimlər öz nəticələrindən xəbərdardır.
Müsahibədən maksimum - 40 bal toplayan müəllimlərdən biri də Dilşad Bəylərovadır.
AzEdu.az Dilşad müəllimlə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
"Orta məktəbi Laçında oxumuşam. 2001-ci ildə Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinə qəbul olmuşam və 2005-ci ildə universiteti bitirmişəm. Elə həmin ildən Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbində fizika müəllimi olaraq fəaliyyət göstərirəm. Artıq 21 illik pedagoji təcrübəm var. Bu müddət ərzində bir çox sertifikatlarla təltif olunmuşam.
Sertifikasiyanın test mərhələsindən 53, müsahibə mərhələsində isə 40 bal toplamışam. Diaqnostik qiymətləndirmədə isə 47 bal toplamışdım. Yüksək nəticəmə görə 2017-ci ildə təhsil naziri tərəfindən müəllim günü münasibətilə fəxri fərmanla təltif olunmuşam.
Mənim üçün ən böyük uğur şagirdlərimin nəticələridir. Bu, bir müəllim üçün ən böyük mükafatdır, çünki şagirdlərin sədaqəti və sevgisi hər şeydən qiymətlidir.
Fizikanı həqiqətən çox sevirəm. Fizika təbiətin, həyatın, texnologiyanın özüdür. Bugünkü dövrdə elektron cihazların, enerji sistemlərinin hamısı fizika ilə bağlıdır. Əgər dünyaya yenidən gəlsəm, yenə də fizika müəllimi olmağı seçərdim. Bu sahə mənim üçün həm peşə, həm də sevgi deməkdir.
Mənim iki övladım var, onlar da fizika ilə maraqlıdırlar. Yoldaşım və qardaşım da fizika müəllimidir.
Test mərhələsinin sualları mənim üçün normal idi. Mən 50 balı keçəcəyimə əmin idim. Əlbəttə, bəzi çətin suallar var idi, amma pedoqoji fəaliyyəti olan müəllimlər üçün həll oluna bilən səviyyədə idi. Aşağı bal toplayan müəllimlər isə sualların çətin olduğunu bildirirdilər. Mən tam səmimi deyirəm ki, suallar pedoqoji fəaliyyəti olan hər kəs üçün həll edilə bilərdi.
Müsahibə mərhələsində bəzi müəllimlər nəticələrdən narazı idilər. Lakin mən heç bir narazılıq yaşamadım. Onlar məni tanımırdılar və mən bəlkə də bu şəxsləri ömrüm boyu bir daha görməyəcəm. Sadəcə verdikləri suallara qaneedici cavablar verdiyim üçün tam bal qazanmağa nail oldum".