"Əvvəllər valideynlərin təxminən 63 faizi uşaqlarının məktəbdə aldığı təhsili kifayət qədər hesab etmir, repetitor xidmətinə üstünlük verirdi. 2024-cü ildə bu göstərici 48 faizə düşüb. Bu, hiss olunan, lakin hələ yetərli olmayan azalmadır. Valideynlər üçün məktəbə inam yalnız müəllimin peşəkarlığı ilə deyil, həm də imtahan yönümlü nəticə göstəriciləri ilə ölçülür".
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov.
Müsahibimiz qeyd edib ki, sertifikasiya prosesi məktəblərə olan inamı artırır, lakin repetitorluğa tələbatın tam aradan qalxması üçün bu proses imtahan sistemi ilə sinxronlaşdırılmalıdır:
"Son illərdə müəllimlərin sertifikasiya prosesi Azərbaycan təhsil sistemində keyfiyyətin qiymətləndirilməsi və pedaqoji kadrların differensiallaşdırılması baxımından mühüm islahatlardan biridir. Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin də qeyd etdiyi kimi, bu proses həm müəllimin nüfuzunun artmasına, həm də məktəblərə olan ictimai inamın bərpasına xidmət edir. Lakin bu inamın repetitorluğa tələbatı azaldıb-azaltmayacağı məsələsi çoxlaylı sosial və psixoloji amillərlə bağlıdır.
Statistik göstəricilər göstərir ki, 2023–2024-cü tədris ilində sertifikasiya imtahanına 37 mindən çox müəllim qatılıb və onlardan 31 mini minimum keçid balını toplayaraq növbəti mərhələyə keçib. Ümumilikdə, ölkə üzrə sertifikasiyadan keçən müəllimlərin payı 75 faizə çatıb. Bu, təhsildə kadr keyfiyyətinin yüksəldilməsi istiqamətində real göstəricidir. Sertifikasiyadan uğurla keçən müəllimlərin əməkhaqqı 35 faizədək artırılıb ki, bu da müəllim peşəsinin sosial nüfuzuna müsbət təsir göstərib. Bu göstərici “Təhsil haqqında” Qanunun 33-cü maddəsində qeyd olunan “pedaqoji fəaliyyətin keyfiyyətinə görə differensial əməkhaqqı mexanizmi”nin praktik icrasıdır".
Məktəblərə inamın artması təhsildə mühüm psixoloji dönüşdür:
"Əvvəllər valideynlərin təxminən 63 faizi uşaqlarının məktəbdə aldığı təhsili kifayət qədər hesab etmir, repetitor xidmətinə üstünlük verirdi. 2024-cü ildə bu göstərici 48 faizə düşüb. Bu, hiss olunan, lakin hələ yetərli olmayan azalmadır. Valideynlər üçün məktəbə inam yalnız müəllimin peşəkarlığı ilə deyil, həm də imtahan yönümlü nəticə göstəriciləri ilə ölçülür. Yəni məktəb təhsili rəsmi şəkildə güclənsə də, abituriyent qəbul imtahanlarında uğur qazanmadıqca, repetitorluğa tələbat tam azalmayacaq.
Dünya təcrübəsi də bu məsələnin təkcə müəllimin keyfiyyəti ilə həll olunmadığını göstərir. Məsələn, Finlandiyada və Estoniyada repetitorluq anlayışı demək olar ki, yoxdur. Bunun səbəbi müəllimlərin peşəkarlığı deyil, məktəblərin vahid qiymətləndirmə sistemi və dərin fənn tədrisi modelidir. Koreya və Yaponiya kimi yüksək nəticəli ölkələrdə isə repetitorluq bazarı çox güclüdür, baxmayaraq ki, orada müəllimlər dünyanın ən peşəkar müəllimləri sayılır. Yəni repetitorluğa tələbat daha çox imtahan sistemi və ailələrin təhsil strategiyası ilə bağlıdır, müəllimin keyfiyyəti ilə yox".
Azərbaycanda isə repetitorluğun kökləri sistemlidir:
"2024-cü ildə Dövlət İmtahan Mərkəzinin məlumatına görə, abituriyentlərin 72 faizi ən azı bir fənn üzrə fərdi hazırlığa qatılıb. Bu, bir tərəfdən məktəblərdə fənn yüklərinin çoxluğu, dərs saatlarının məhdudluğu və sinifdə şagird sıxlığı ilə bağlıdır, digər tərəfdən isə valideynlərin “dərsdən kənar fərdi diqqət” tələbi ilə. Sertifikasiya prosesi bu vəziyyəti qismən dəyişə bilər, çünki müəllimlərin öz bilik və metodiki bacarıqlarının yüksəldilməsi dərs keyfiyyətinə birbaşa təsir göstərir. Nəticədə məktəb dərslərinin səmərəliliyi artdıqca, repetitorluğun məqsədi — “əlavə izah” funksiyası - tədricən azalacaq.
Elm və Təhsil Nazirliyinin son illərdə tətbiq etdiyi keyfiyyət nəzarəti alətləri, məsələn, diaqnostik qiymətləndirmə, sertifikasiya imtahanları, müəllimlərin peşəkar inkişaf proqramları, bu istiqamətdə ardıcıl şəkildə müsbət nəticə verir. Nazirliyin məqsədi repetitorluğa inzibati qadağa qoymaq deyil, onun zəruriliyini aradan qaldırmaqdır. Bu siyasət beynəlxalq praktikaya tam uyğundur: məsələn, Türkiyədə 2019-cu ildən “Okul Destek Programı” çərçivəsində məktəbdən sonra əlavə dərslər müəllimlərin rəhbərliyi ilə pulsuz keçirilir və nəticədə repetitor bazarı 18 faiz daralıb. Azərbaycan da bu təcrübəni tətbiq etməklə oxşar nəticə əldə edə bilər".
Məktəblərə inamın artması həm də şəffaf qiymətləndirmə və nəticə hesabatı sisteminin gücləndirilməsi ilə möhkəmlənməlidir:
"Əgər məktəbdə dərs keyfiyyəti real qiymətləndirmə ilə ölçülürsə, valideyn repetitora ehtiyac duymur. Bunun üçün Elm və Təhsil Nazirliyinin “Şagird nailiyyətlərinin monitorinqi” layihəsini genişləndirməsi vacibdir. 2024-cü ildə 180 məktəbdə pilot tətbiq olunan bu sistem gələn ildən ölkə üzrə genişlənsə, repetitorluğa olan tələbat 5-7 faiz daha azala bilər.
Hesab edirəm ki, sertifikasiya prosesi məktəblərə olan inamı artırır, lakin repetitorluğa tələbatın tam aradan qalxması üçün bu proses imtahan sistemi ilə sinxronlaşdırılmalıdır. Əgər məktəbdə əldə olunan qiymətlər və qəbul imtahanları arasında real uyğunluq formalaşarsa, repetitorluq təbii şəkildə öz aktuallığını itirəcək. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə ardıcıl və düşünülmüş siyasəti təhsilin gələcək inkişafında mühüm rol oynayacaq. Nazirlik təkcə müəllimi deyil, məktəbi bir təhsil markasına çevirməklə, ailələrin inamını və dövlət təhsilinə etibarı gücləndirir. Bu isə uzunmüddətli dövrdə həm repetitor bazarının daralmasına, həm də məktəbin cəmiyyət qarşısında yenidən əsas tədris institutu kimi qəbul olunmasına gətirib çıxaracaq".