Təhsilverənlərin sertifikatlaşdırılması prosesi artıq həm test, həm də müsahibə mərhələsi üzrə yekunlaşıb. Prosesdə iştirak edən bütün müəllimlər öz nəticələrindən xəbərdardır.
Müsahibədən maksimum - 40 bal toplayan müəllimlərdən biri də Günay Məlikovadır.
AzEdu.az Günay müəllimlə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
"Bakalavr təhsilimi 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsində almışam. 2013-cü ildə isə insan və heyvan fiziologiyası ixtisasında magistratura təhsili alıb buranı fərqlənmə diplomu ilə bitirmişəm. 14 ildir pedaqoji fəaliyyətlə məşğulam. Hazırda Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutununda insan və heyvan fiziologiyası üzrə doktorantura pilləsində təhsil alıram.
Binəqədi rayon 182 nömrəli tam orta məktəbdə biologiya müəllimi kimi fəaliyyət göstərirəm. Sertifikasiya imtahanından topladığım bal 55 idi - ixtisas üzrə 50, metodikadan 5 bal. İmtahan sualları mənim üçün çətin deyildi, xüsusilə də daim işləyən və peşəkar müəllimlər üçün rahat şəkildə cavablandırıla biləcək səviyyədə idi. Universitetə hazırlaşan abituriyentlər də sualları cavablaya bilərdi.
Sertifikasiya prosesi metodik biliklərin inkişafı və təkmilləşdirilməsi baxımından çox faydalıdır. Müsahibə mərhələsi mənim üçün çox uğurlu keçdi, öz təcrübə və biliklərimi nümayiş etdirmək imkanı tapdım. Bu müddət ərzində həm də 14 illik pedaqoji fəaliyyətim dəyərləndirildi və mənə təşəkkür bildirildi ki, bu da mənim üçün böyük qürur mənbəyidir. Həmçinin müsahibə mərhələsi barədə bəzən mənfi fikirlər səslənir ki, adekvat qiymətləndirilmir. Bu proses isə tamamilə obyektiv keçirilir.
Şagirdlərimin uğurları barədə də danışmaq istərdim. Hazırda bir neçə şagirdim beynəlxalq və respublika səviyyəli olimpiadaların final mərhələlərinə qədər irəliləyib. 2019-cu ildə bir şagirdim Respublika Fənn Birincisi olub, digər illərdə isə müxtəlif yerlər qazanıblar. Bu uğurlar kifayət qədər çoxdur.
Pedoqoji fəaliyyətimdə məqsədim təkcə fənni öyrətmək deyil, həm də şagirdləri cəmiyyət üçün hazırlamaq, onların şəxsiyyət və ailə həyatında uğurlarını dəstəkləməkdir. Eyni zamanda elm sahəsində də fəaliyyət göstərir, məqalələr yazır və müxtəlif təcrübələr aparıram.
Xarici dil bilgilərimi inkişafetdirməyə də davam edirəm".