Keçdiyimiz gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 13-17 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri elan edilib.
Müsahibədən maksimum - 40 bal toplayan müəllimlərdən biri də Quluyev Elşən Əyyub oğludur.
AzEdu.az Elşən müəllimlə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
O, artıq 17 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur.
“1985-ci ildə Kəlbəcərdə anadan olmuşam. 2003-2007-ci illərdə biologiya ixtisası üzrə Gəncə Dövlət Universitetində bakalavr təhsili, daha sonra yenə həmin universitetdə 2012-2015-ci illərdə bitki fiziologiyası ixtisası üzrə qiyabi magistr təhsili almışam. Həmin dövrdə həm də işləyirdim.
2008-ci ildən müəllim kimi fəaliyyət göstərirəm. 2017-ci ildə diaqnostik 60 bal toplayaraq 100% nəticə göstərdim. 2018-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi "istedadlı şagird üçün istedadlı müəllim" müsabiqəsinin respublika üzrə qalibi oldum. 2019-cu ildə "Təhsildə inkişaf və innovasiyalar üzrə" IV qrant müsabiqəsinin qalibi olmuş, elə həmin ildə də Cənab Prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişəm.
Hazırda Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə biologiya müəllimi kimi fəaliyyət göstərirəm.
İşlədiyim müddətdə şagirdlərim Respublika Fənn Olimpiadalarında iştirak edərək qızıl, gümüş, bürünc medallar qazanıblar. İki şagirdim isə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən Beynəlxalq olimpiadada bürünc medal əldə edib.
Sertifikasiya imtahanının test mərhələsində 58 bal topladım və ixtisas üzrə 100% nəticə göstərdim. Müsahibə mərhələsində də 100% nəticə ilə keçdim.
Sertifikasiya prosesini çox uğurlu hesab edirəm. Çünki məktəblərdəki boşluqları aradan qaldırır, bacarıqsız müəllimlərin işə qəbulunun qarşısını alır və təhsilli müəllimlərin məktəblərə yerləşməsinə imkan yaradır.
Hətta sertifkasiya təhsil sahəsində atılmış ən mühim addımlardan biridir.
Suallar isə ixtisasını bilən müəllim üçün çətinlik yaratmayacaq dərəcədə idi.
Mən həmişə sertifikasiya prosesini dəstəkləmişəm və hesab edirəm ki, bu addım davamlı olaraq təşkil olunmalıdır. Məqsəd həm gənc müəllimlər üçün yer açmaq, həm də savadlı müəllimləri məktəblərə cəlb etməkdir”.