Ötən həftə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.
Belə ki, müsahibə mərhələsindən maksimum nəticə əldə edənlərdən biri də Gülnar Osmanovadır.
AzEdu.az Gülnar müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.
Müsahibimiz imtahan sualları ilə tanış olan zaman yüksək bal toplayacağından əmin olduğunu dilə gətirib:
"2001-ci ildə Sumqayıt Dövlət Universitetinin (SDU) Fizika-Elektroenergetika fakültəsinin fizika və fizika müəllimi ixtisasına qəbul olmuşam. 2005-ci ildə həmin fakültəni bitirmişəm. Hazırda Vəndam qəsəbə Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbdə fizika müəllimi kimi fəaliyyət göstərirəm. 20 ildən artıqdır ki, həmin məktəbdə işləyirəm. Təhsilverənlərin sertifikatlaşdırılması imtahanının test mərhələsindən 57, müsahibə mərhələsindən isə 40 bal toplamışam.
İlk növbədə imtahanın keçirilməsini müsbət qiymətləndirirəm. Savadlı, zəhmətkeş müəllimlərin önə çıxmasında rolu var. Buna görə də çox yaxşı qiymətləndirirəm. İmtahan suallarını cavablandırmaqda çətinlik çəkmədim. Düzdür, 50-dən yuxarı bal toplayacağımı gözləyirdim, lakin 57 bal toplamağım mənə sürpriz oldu. İmtahan suallarını görəndə yüksək bal yığacağımdan daha da əmin oldum".
Çox çalışan insan zəhmətinin bəhrəsini görür:
"Əslində bir imtahanla müəllimin bilik və bacarıqlarını tam da müəyyən etmək olmur. Yəni 50 sualla tam olaraq müəllimin bilik və bacarığını qiymətləndirmək mümkün deyil. Elə ola bilər ki, hansısa bir müəllim həyəcandan dolayı sualları cavablandıra bilməyib. Lakin ümumilikdə bu prosesi müsbət qiymətləndirirəm.
İmtahana özüm hazırlaşmışam. Yəni bunun üçün heç bir müəllim yanına üz tutmamışam. İmtahana düşən suallar demək olar ki, orta məktəb səviyyəsində suallar idi. Çox çətin sual yox idi. Sadəcə müəllimlər öz üzərində işləməklə bunun öhdəsindən gələ bilər. Çox çalışan insan zəhmətinin bəhrəsini görür".