Ötən həftə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.
Müsahibə mərhələsində maksimum nəticə əldə edənlərdən biri Saatlı şəhəri Valeri Əsgərov adına 4 nömrəli tam orta məktəbin fizika və STEAM müəllimi Eltac Əhədov olub.
O, imtahanla bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb.
“2020-2022-ci illərdə SAF festivalında Azərbaycan layihəsində ardıcıl olaraq yer tutmuşam. Həmçinin Gənc Fizika Müəllimləri Birliyinin sədrəm. Bununla yanaşı, bir çox təşkilatda da koordinator kimi fəaliyyət göstərirəm.
Müəllimlərin sertifikatlaşdırılması imtahanının test mərhələsindən 53, müsahibə mərhələsindən isə 40 bal topladım. Düzünü desəm, test mərhələsinə ümumiyyətlə hazırlaşmamışdım. Repetitor olduğuma görə özümə arxayın idim, buna görə də nəticəmdən tam razı qalmadım. Artıq 6 ildir ki, fizika müəllimi kimi fəaliyyət göstərirəm.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunuyam. Magistratura təhsilim yoxdur, lakin hazırda ikinci ali təhsil alıram. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dövlət və bələdiyyənin idarə edilməsi ixtisası üzrə qiyabi formada təhsilimi davam etdirirəm və II kurs tələbəsiyəm.
İmtahanda hər üç səviyyəyə uyğun suallar tərtib edilmişdi. Öz fənni üzərində davamlı şəkildə işləyən hər bir müəllim 51-dən yuxarı bal toplaya bilər. Şəxsən mən sualların səviyyəsindən razı qaldım.
Ümumiyyətlə, bu addımı müsbət qiymətləndirirəm. Müəllimlərin bilik səviyyəsinin yoxlanılması üçün ən ideal üsul sertifikasiyadır".