Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 29 sentyabr - 2 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.
AzEdu.az müsahibə mərhələsindən maksimum - 40 bal toplayan Ömərova Zərövşən ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
Kimya fənnini tədris edən müəllim bildirib ki, 20 ildir pedaqoji fəaliyyətlə məşğuldur:
"Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olub 1988-ci ildə buranı bitirmişəm. Hazırda Binəqədi rayon 182 saylı tam orta məktəbdə çalışıram. Test mərhələsində topladığım bal 52 idi.
Kimya fənninin bəzi suallar vaxtaparan idi. Bu səbəbdən, 50-dən çox bal toplayan müəllimlərin sayı yalnız 5%-i təşkil edirdi.
Mən də vaxtı düzgün bölməyə çalışdım. Kurikulumda 10 sualdan 7-ni doğru cavabladım. Əgər həyəcan olmasa idi, vaxtı daha yaxşı bölə bilərdim deyə düşünürəm.
Müasir təhsil və sertifikasiya prosesini faydalı hesab edirəm. Bu proses öyrənməyə təşviq edir, təhsilimizi daha da nizamlı və dərinləşdirir. Yenilikləri həm metodik, həm də praktik cəhətdən öyrənirik və bu mənim inkişafıma müsbət təsir edir. Müsahibə mərhələsində də nəticə olaraq yüksək bal gözləyirdim və iş yoldaşlarımın dəstəyi ilə buna nail oldum.
Şagirdlərim haqqında isə deyə bilərəm ki, onların uğurları ilə fəxr edirəm. Mənim şagirdlərim yalnız ölkəmizdə deyil, dünyanın bir çox yerində müxtəlif şirkətlərdə vəzifələrdə çalışırlar. Məsələn, ilk şagirdim Anar Mehdiyev hazırda İsveçdə bir şirkətdə şöbə müdiri kimi fəaliyyət göstərir. Bir digər şagirdim Səbuhi Ağayev ali təhsil müəssisəsinə imtahansız qəbul olunub, indi isə Litvada süni intellektlə bağlı təhsilini davam etdirir. Şagirdlərimlə yanaşı əsas uğurum kimi övladlarımın da 650+ balla universitetə daxil olmaqlarını qeyd edərdim. Onlar da magistratura təhsillərini xarici ölkələrdə alıb, indi isə xaricdə çalışırlar".