Keçdiyimiz gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 13-17 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri elan edilib.
Müsahibədən maksimum - 40 bal toplayan müəllimlərdən biri də Namazova Gülşən Rövşən qızıdır.
Bu münasibətlə AzEdu.az Gülşən müəllimlə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
Müsahibimiz bildirib ki, müəllimlər artıq pedaqoji fəaliyyətlərini daha da genişləndirirlər və buna səbəb məhz sertifikasiya prosesi olub:
“1994-cü ildə Gəncə şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika müəllimliyi ixtisasını 2012–2016-cı illərdə bitirmişəm.
2018-ci ildən etibarən Gəncə şəhəri M.H.Şəhriyar adına 40 nömrəli tam orta məktəbdə fizika müəllimi kimi çalışıram. Artıq 8 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam.
Sertifikasiyanın test mərhələsindən 51 bal toplamışdım. Əslində test mərhələsindən də maksimum nəticə gözləyirdim. Ancaq övladlarım körpə olduğuna görə hazırlaşmaq çətin oldu. İmtahana dərsdənkənar vaxt tapdıqca hazırlaşırdım. Əlbəttə, istərdim ki, müsahibə mərhələsində maksimum - 40 bal topladığım kimi, test mərhələsindən də maksimum nəticə əldə edim. Ancaq təəssüf ki, olmadı...
Suallar məni tam qane etdi. Çərçivədən kənar heç bir sual verilmədi, hər şey şəffaf idi.
Fikrimcə, müəllim hər zaman öz üzərində çalışmalıdır. Sertifikasiya imtahanının keçirilməsi çox yaxşı addımdır. Çünki bəzi müəllimlər öz üzərlərində çalışmırlar. Sertifikasiya 5 ildən bir olsa belə, həmin müəllimlər artıq axtarışa çıxır, özlərini təkmilləşdirirlər.
Bir sözlə, müəllimlər artıq pedaqoji fəaliyyətlərini daha da genişləndirirlər və buna səbəb sertifikasiya prosesi olub".