Ötən gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində keçirilən müsahibə mərhələsinin nəticələri açıqlanıb.
Belə ki, müsahibə mərhələsindən yüksək bal toplayan müəllimlərdən biri Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin informatika müəllimi, “Örnək müəllim” Səadət Məhərrəmovadır.
O, müsahibə mərhələsindən 40 bal toplayıb.
Bu münasibətlə AzEdu.az Səadət müəllimlə əlaqə saxlayıb və təəssüratlarını öyrənib.
O, qeyd edib ki, müsahibə mərhələsində heç bir həyəcan keçirməyib:
“Mən, Səadət Məhərrəmova Adil qızı, 1992-ci ildə Qəbələdə anadan olmuşam. 2010-cu ildə yüksək qiymətlərlə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin informatika müəllimliyi ixtisasına qəbul olmuşam. Tələbəlik dövründə Həmkarlar İttifaqının, həmçinin QHT-lərin keçirdiyi layihələrdə fəal iştirak etmişəm. Daha sonra 2019-cu ildə MİQ imtahanı verərək Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbdə informatika müəllimi kimi fəaliyyətə başlamışam.
Müəllimlik illərimdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olmuşam. Eyni zamanda həmin il məktəbdə peşə təmayüllü siniflər yaradılırdı. 2021-ci ildə Qəbələ rayonu Təhsil Sektoru tərəfindən fəxri fərman, məktəbimiz tərəfindən isə təşəkkürnamə ilə təltif olunmuşam. Artıq 5 ildir ki, pedaqoji fəaliyyət göstərirəm.
İlk növbədə onu qeyd edim ki, ixtisası üzərində 50 faiz işləyən müəllim qarşısındakı suallar üzərində çətinlik çəkməməlidir. Çünki suallar olduqca yaxşı idi. Mən şəxsən ixtisas suallarında heç bir çətinlik görmədim. İmtahan prosesində də heç bir problem yaşamadım.
Müsahibə mərhələsində həyəcanım ümumiyyətlə olmayıb. Məndən əvvəl müsahibədə iştirak edən həmkarlarım qeyd edirdilər ki, həyəcanlanmağa dəyməz. Hər birimiz valideynik və övladlarımızı məktəbə göndəririk. İstəyirik ki, övladımıza dərs keçənlər savadlı müəllimlər olsun. Hətta istəyirik ki, müəllimlər uşaqlarımıza o qədər yaxşı dərs keçsinlər ki, əlavə hazırlıqlara getməyə belə ehtiyac qalmasın. Bu baxımdan sertifikasiya imtahanını çox müsbət qiymətləndirirəm. Düşünürəm ki, bu imtahan təhsil sistemimizi daha yüksək uğurlara aparacaq".