Cəmiyyətdə sertifikasiya imtahanları ilə bağlı yeni müzakirələr gündəmə gəlib. Belə ki, hazırda keçirilən sertifikasiya imtahanlarında müəllimlərin təhsil səviyyəsinə görə fərq qoyulmur. Lakin imtahanlarda bakalavr təhsilli pedaqoqlarla yanaşı, magistratura və doktorantura pilləsini bitirən müəllimlər də iştirak edirlər.
Bu isə ictimaiyyətdə sual doğurur bilik və təcrübə baxımından daha yüksək ixtisasa sahib müəllimlərin yenidən sertifikasiya imtahanına cəlb edilməsi nə dərəcədə məqsədəuyğundur?
AzEdu.az-a mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, əlsəfə doktoru İlqar Orucov danışıb.
Müsahibimiz qeyd edib ki, müəllimlər var ki, məktəbdə dərs demək üçün deyil, elmi tədqiqat sahəsində faydalı olurlar:
“Sertifikasiya prosesində müəllimin bilik və bacarıqları birgə qiymətləndirilir. Burada müəllimin fənn məzmununu hansı səviyyədə bilməsi ilə yanaşı, onun metodika üzrə hazırlığı da yoxlanılır. Magistratura və doktorantura təhsili daha çox ixtisasa yönəlmiş, dərinləşmiş və akademik tədqiqatlar aparmağa imkan verən bir təhsil pilləsidir. Ola bilər ki, kimsə yaxşı tədqiqatçı olsun, yaxud ixtisası üzrə dərin elmi biliklərə sahib olsun, amma məktəbdə dərs demək üçün zəruri olan metodik biliklərə malik olmasın.
Biz bunu zaman-zaman müşahidə etmişik: elə müəllimlər var ki, kifayət qədər savadlıdırlar, elmi dərəcələri var, lakin məktəbdə dərs demək üçün deyil, daha çox elmi tədqiqat sahəsində faydalı olurlar. Bu baxımdan hüquqi müstəvidə heç bir fərq qoyulmadan, sadəcə müəllim işləmək istəyən və ya artıq müəllim kimi fəaliyyət göstərən şəxslərə eyni yanaşmanın tətbiq olunması hüquqi baxımdan ədalətli hesab olunur".
Magistr və doktorantura təhsili olan müəllimlərin imtahana cəlb olunması biliklərinə şübhə kimi qəbul edilməməlidir:
“Amma bu, bəzi hallarda ədalətsiz yanaşma kimi də görünə bilər. İnsan düşünə bilər ki, "Mənim, doktorantura təhsilim var, daha dərin biliklərə malikəm. Niyə mən də bakalavr səviyyəsini bitirmiş bir müəllimlə eyni sertifikasiya prosesinə cəlb olunmalıyam?".
Əslində burada bir məqamı dəqiqləşdirmək lazımdır: bu, magistr və doktorantura təhsili almış şəxslərin biliklərinə şübhə kimi dəyərləndirilməməlidir. Sadəcə bu proses həm də onu göstərmək üçündür ki, həmin şəxs orta məktəbdə dərs deyərkən müəllim kimi özünü necə göstərə bilir? Onun tədris metodikası üzrə bilik və bacarıqları yetərlidirmi? Məsələ bundan ibarətdir.
Müxtəlif ölkələrdə fərqli təcrübələr mövcuddur. Məsələn, Türkiyədə bu sahədə heç bir fərq qoyulmur, bəzi Avropa ölkələrində isə müəyyən üstünlüklər tanınır".
Biz hamımız müəllimlərin savadlı və peşəkar olmasında maraqlıyıq:
“Həqiqətən də istəyirik ki, müəllimlər bilikli, peşəkar və hazırlıqlı olsunlar. Magistr və doktorantura təhsili almış şəxslər, təbii ki, ixtisasları üzrə yüksək bilik səviyyəsinə malikdirlər. Amma əsas məsələ onların digər, xüsusilə metodiki bacarıqlarının yetərliliyidir.
Hesab edirəm ki, bu meyarların ölçülməsi doğrudur və vahid yanaşma baxımından ədalətlidir. Çünki bilikli və bacarıqlı olan müəllim sertifikasiyada iştirak edirsə, təbii ki, yüksək nəticə göstərəcək və bu da onun lehinə olacaq.
Bu baxımdan burada kiminsə bilik və savadına şübhə ilə yanaşmaq məqsədi yoxdur. Əksinə, məqsəd ondan ibarətdir ki, müəllimlərin metodik bilik və bacarıqları da yoxlanılsın. Məsələnin mahiyyəti məhz bundadır",- deyə İ.Orucov qeyd edib.