Təhsilverənlərin sertifikatlaşdırma prosesinin test mərhələsində maksimum bal toplayan Ağcabədi rayonu Məmməd Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Səlimova Gülşən Mahir qızı, prosesin müsahibə mərhələsində də ən yüksək nəticəni göstərib.
Belə ki, o, sertifikasiyanın test imtahanı mərhələsindən 60, müsahibə mərhələsindən isə 40 bal toplayıb.
Bu münasibətlə AzEdu.az Gülşən Səlimova ilə əlaqə saxlayıb.
O, Ağcabədi rayonu Mobil Həsənov adına Rəncbərlər kənd tam orta məktəbinin məzunudur:
"2011-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında tarix-coğrafiya ixtisası üzrə təhsil almışam. Ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. Daha sonra 2025-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edərək Ağcabədi rayonu 1 nömrəli Mehrablı kənd orta məktəbində coğrafiya müəllimi kimi əmək fəaliyyətimə başlamışam.
Yerdəyişmə edərək Ağcabədi rayonu Təzəkənd tam orta məktəbində fəaliyyətimə davam etdim. 2024-cü ildə MİQ imtahanında iştirak edib 94 bal topladım. Hazırda Ağcabədi rayonu 1 nömrəli Məmməd Aranlı adına 11 saylı tam orta məktəbdə fəaliyyət göstərirəm. Müəllimlərin sertifikatlaşdırılması imtahanı üzrə maksimum nəticə əldə etmişəm.
İlk növbədə Elm və Təhsil Nazirinə təşəkkürümü bildirirəm ki, belə şəffaf imtahan həyata keçirildi. İmtahan müddətində heç bir səs-küy və əlavə müdaxilə olmayıb. Tərtib edilmiş suallar demək olar ki, bütün kateqoriyaya uyğun idi. Müsahibə mərhələsi də olduqca şəffaf qaydada həyata keçirildi.
Buna bir daha inandım ki, insan qarşısına məqsəd qoyubsa, ona nail ola bilər. Mən qarşıma qoyduğum məqsədə çatdım. Bir insan məqsədinə çatmaq üçün ilk növbədə inancı olmalı, iradəli olmalı və çox çalışmalıdır. Özümdən də belə bir nəticə əldə edəcəyimi gözləyirdim.
10 ildir ki, müəllim kimi fəaliyyətimə davam edirəm. Sertifikasiya imtahanını müsbət qiymətləndirirəm, çünki müəllimlər ilk növbədə öz üzərində çalışırlar. Nə qədər hazırlıqlı müəllim olsa da, onun öz üzərində çalışdığını görmək çox yaxşı haldır. Bu da öz növbəsində təhsilimizin müsbət yöndə inkişafına səbəb olur".