Azedu.az

Müsahibədən 40 bal tolayan müəllim: “Aynanın qarşısında öz-özümə danışırdım”

Sertifikasiya

3 Oktyabr 2025, 14:13
Müsahibədən 40 bal tolayan müəllim: “Aynanın qarşısında öz-özümə danışırdım”

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 22-25 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri elan edilib.

Müsahibə mərhələsindən 40 bal toplayan müəllimlərdən biri də Quliyeva Dilarə Tahir qızıdır.

Bu münasibətlə AzEdu.az Dilarə müəllimlə əlaqə saxlayıb və onun təəssüratlarını öyrənib.

O, Ağcabədi şəhəri 1 nömrəli məktəbdə kimya müəllimi kimi fəaliyyət göstərir:

"2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində təhsil almışam. 2007-ci ildən Ağcabədi şəhəri 1 nömrəli məktəbdə kimya müəllimi kimi çalışıram və pedaqoji sahədə 18 illik təcrübəm var. Sertifikasiya imtahanından 52 bal toplamışam. Düzü, daha yüksək nəticə gözləyirdim, amma kimya fənnində riyazi hesablamaların olması və vaxtın çatışmazlığı nəticənin bir qədər aşağı olmasına səbəb oldu. Həmçinin, bu il Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında iştirak edərək 90 bal toplamışam. İstədiyim vakant yer olmadığı üçün məktəbimi dəyişmədim.

Sertifikasiya imtahanının müsahibə mərhələsi uğurlu keçdi. Sualların səviyyəsi məni qane etdi. Müsahibədən 40 bal toplamağı gözləyirdim, çünki imtahana çox ciddi hazırlaşmışdım. Müsahibəyə 20 gün qalmış hər gün aynanın qarşısında özümə suallar verib cavab hazırlayırdım. Hətta buna görə ailəm mənə gülürdü. Ümumiyyətlə, öz sahəmdə çalışmaq və bütün yeniliklərdən xəbərdar olmaq mənim üçün önəmlidir. Buna görə də nəticəmin 40 bal olduğunu görmək məni təəccübləndirmədi, amma maksimum bal topladığım üçün sevindim.

Ümumilikdə isə kimya fənnindən keçirilən sertifikasiya imtahanının sualları çətin idi. 2500 müəllimdən yalnız 103 nəfərin 50 baldan çox nəticə göstərməsi sualların çətinliyinin bariz nümunəsidir. Amma sertifikasiya imtahanlarının keçirilməsini təqdirəlayiq bir addım kimi qiymətləndirirəm. İnanıram ki, əziyyət çəkən mütləq onun bəhrəsini görür".

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox