Azedu.az

“Sertifikasiyadan zəif nəticə göstərmək qınanmalı hal deyil”

Sertifikasiya

Müəllimlər və elm adamları

2 Oktyabr 2025, 17:19
“Sertifikasiyadan zəif nəticə göstərmək qınanmalı hal deyil”

Bəzi müəllimlər sertifikasiya imtahanında iştirak etməmək üçün müxtəlif bəhanələrə əl atırlar.

Bu sözləri AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev bildirib.

Ramin Nurəliyev qeyd edib ki, sertifikasiya imtahanından çəkinməyən və yüksək nəticə göstərən müəllimlərin sayı kifayət qədər çoxdur. Lakin bəzi müəllimlər imtahandan yayınmaq üçün müxtəlif bəhanələr irəli sürürlər:

"2026-cı ilin sonuna qədər sertifikasiya imtahanı bütün fənlər üzrə keçirilməli və bu imtahanın nəticələrinə əsasən bəzi müəllimlərin əmək müqaviləsinə xitam verilməli, digərləri isə fəaliyyətlərini davam etdirməlidir. Hal-hazırda Elm və Təhsil Nazirliyinin sertifikasiya strategiyası məhz bu istiqamətdə davam edir və 2026-cı il bu prosesin sonuncu ili hesab olunur.

Əgər siz həqiqətən müəllimsinizsə, şagirdin qarşısına çıxıb ona bilik və bacarıq öyrətməyə çalışırsınızsa, öz ixtisasınız üzrə dərs deyirsinizsə, sertifikasiya imtahanından da qorxmamalısınız. Bu bəhanələr arasında xəstəlik, xarici ölkədə olma və ya analıq məzuniyyəti kimi hallar yer alır. Məqsəd yalnız imtahandan yayınmaqdır. Düşünürlər ki, bu dəfə imtahandan yayınsalar, gələcəkdə üç-dörd il sonra yenidən bu prosesə qayıdıb işləməyə davam edə bilərlər. Mən buna şahid olmuşam".

İmtahanda zəif nəticə göstərmək heç də qınanmalı hall deyil:

"Ola bilər ki, bəzi müəllimlər zəif nəticə göstərsin. Bu, qəbahət deyil. Elm və Təhsil Nazirliyi belə hallarda müəllimə təkrar iştirak imkanı təqdim edir. Bu şansdan istifadə edərək müəllim özünü inkişaf etdirə, biliklərini təkmilləşdirə və növbəti imtahanda uğur qazana bilər. Əsas məsələ odur ki, bilərəkdən imtahandan qorxaraq, müxtəlif yollarla ondan yayınmaq doğru deyil. Bu həm peşəkarlığa, həm də digər müəllimlərə qarşı hörmətsizlikdir. Əgər həqiqi səbəb varsa, məsələn, analıq məzuniyyəti və ya ciddi tibbi göstəriş əlbəttə ki, problem yoxdur. Amma yalnız bəhanə ilə prosesi yayındırmaq düzgün deyil".

Sertifikasiya imtahanına qatılan müəllim həm özünü, həm də şagirdin təhsilə olan inamını gücləndirir:

"Bir müəllim sinfə daxil olub dərs deyirsə, bu onun üçün qürur məsələsi olmalıdır. Şagirdin qarşısına çıxan müəllim həm də nümunə olmalıdır. Sertifikasiya imtahanında uğur qazanan müəllim həm nüfuzunu artırır, həm də şagirdin müəllimə olan inamını möhkəmləndirir. Bu səbəbdən sertifikasiya imtahanından yayınan müəllimləri qınayıram. Sertifikasiya imtahanı müəllimlərin bilik və bacarıqlarını nümayiş etdirməsi üçün bir fürsətdir və bu prosesdən qorxmamaq hər bir müəllim üçün vacibdir".

PROSES BAŞLADI - Rusiyaya dəhşətli zərbələr endiriləcək
Son xəbərlərDaha çox