Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 22-25 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri elan edilib.
Belə ki, müsahibə mərhələsindən 40 bal toplayan müəllimlərdən biri də Əzimova Aytac İsmayıl qızıdır.
Bu münasibətlə AzEdu.az Aytac müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.
O, Füzuli rayon Nazim Süleymanov adına Mollaməhərrəmli kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyət göstərir:
“2015-2019-cu illərdə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-Riyaziyyat fakültəsinin riyaziyyat müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. Həmçinin 2019-2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kompüter elmləri ixtisası üzrə magistratura təhsili almışam və bu təhsilimi də fərqlənmə ilə bitirmişəm. Bu il müəllimlərin işə qəbulu imtahanında iştirak etmişəm və əmsalla birlikdə 90.56 bal toplamışam. Ümumilikdə isə 5 ildir ki, müəllim kimi fəaliyyətimə davam edirəm.
Sertifikasiyanın test mərhələsində 57 bal toplamışam. Bu mərhələyə son 1 ayda hazırlaşdım, amma müsahibə mərhələsinə demək olar ki, tamamilə hazırlıqsız getdim. Çünki düşünürdüm ki, veriləcək suallar mənim pedaqoji fəaliyyətimlə bağlı olacaq. Və demək olar ki, suallar məni yanıltmadı.
Düşündüm ki, gündəlik təcrübələrimi paylaşsam, məsələn, şagirdlərə necə keçdiyim iş üsulları və fəaliyyət forması ilə bağlı təcrübələrimi təqdim etsəm, yüksək nəticə əldə edərəm. Elə də oldu. Hesab edirəm ki, hər bir müəllimin çox rahat cavablayacağı suallar tərtib edilmişdi. Əgər müəllim öz üzərində işləyibsə, həmin suallara çox rahat cavab verə biləcəkdir.
Təbii ki, müəllimlərin işə qəbulu imtahanının test və müsahibə mərhələsi sertifikasiyadan daha çətindir. Bu belə də olmalıdır, çünki biz bu imtahanla ilk işə qəbul oluruq. MİQ-in müsahibə mərhələsində dünyagörüşü kateqoriyası da var. Bununla bağlı ola bilər ki, əksər müəllimlərdə problemlər yaransın, çünki hər kəsin dünyagörüşü eyni olmur.
Müsahibə mərhələsi mənim üçün çox yaxşı keçdi. Ona görə də 40 bal toplayacağımı gözləyirdim. Qazandığım bu uğrumu öz əzmimə, gücümə və inamıma borcluyam. Bəzən deyirlər şans, bəxt və s. Şans, uğur bir yerə qədərdir. Əsas odur ki, insan özünə inansın və üzərində çalışsın. Kiçik bir uğursuzluqdan dolayı geriyə durmasınlar".