Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 22-25 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri elan edilib.
Belə ki, müsahibə mərhələsindən 40 bal toplayan müəllimlərdən biri də Vüsalə Zahidovadır.
Bu münasibətlə AzEdu.az onunla əlaqə saxlayıb, təəssüratlarını öyrənib.
Bildirib ki,17 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur.
"2004-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olmuşam və 2008-ci ildə bitirmişəm. Həmin ildən pedaqoji fəaliyyət göstərirəm. Hazırda Neftçala rayonunun 1 saylı tam orta məktəbində fizika müəllimi kimi çalışıram.
Sertifikasiyanın test mərhələsində ümumilikdə 56 bal toplamışam: 48 bal ixtisas üzrə, 8 bal isə metodika üzrə. Müsahibənin nəticəsindən əlbəttə maksimal bal toplayacağımı bilmirdim. Ümumiyyətlə, sertifikasiya prosesi mənim üçün şəffaf və rahat keçdi. Bu, müəllimlər üçün həm motivasiya, həm də öz üzərində işləmək üçün yaxşı stimuldur.
Beynəlxalq olimpiadalarda nəticə göstərən şagirdlərim var. Həmçinin RFO və RFM-də də iştirak edirlər. Hələlik medal qazanmasaq da, artıq bir neçə ildir bu istiqamətdə çalışırıq. İnanıram ki, yaxın illərdə daha böyük uğurlar əldə edəcəyik".