Rəqəmsal biliklər ixtisasdan asılı olmayaraq bütün müəllimlər üçün əhəmiyyətlidir. Bu biliklər dərs prosesinin interaktiv təşkilində və bir çox məsələdə əlavə imkanlar yaradır.
Bu fikirləri Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov AzEdu.az-a açıqlaması zamanı bildirib.
"Müasir kompüter biliklərinə yiyələnmək, müəllimlik vəzifəsində çalışan hər bir insan üçün minimal səviyyədə olsa belə, faydalıdır. Bu, dərslərə vizual elementlərin gətirilməsində, interaktivliyin artırılmasında və dərslərin daha maraqlı olmasında mühüm rol oynayır. Onlardan maksimal səviyyədə texnoloji bilik tələb oluna bilməz, amma minimum səviyyədə kompüter bacarıqlarına malik olmaq müəllimlər üçün əlavə üstünlük deməkdir. Bu biliklər həm dərs prosesini zənginləşdirir, həm də şagirdlərə yeni biliklərin vizual şəkildə çatdırılmasına imkan yaradır.
Yaşlı müəllimlər üçün bu tələblərin çətinlik yarada biləcəyi düşünülə bilər. Müəllimlərin yeniliklərə açıq olması, dünyada gedən proseslərdən xəbərdar olması və fənni üzrə daim yenilikləri öyrənməsi vacibdir. Müasir texnologiyalardan istifadə bacarığı müəllimlərin peşəkar inkişafını gücləndirir və onlara əlavə imkanlar yaradır.
Bizim kifayət qədər savadlı və bilikli müəllimlərimiz var ki, rəqəmsal bacarıqlara yiyələnməklə müasir dövrün tələblərinə uyğunlaşır. Bu tələblər müəllimlər üçün əlavə çətinlik deyil, əksinə, yeni imkanlar deməkdir. Müəllimlər öz üzərində işləyərək, dərs prosesində şagirdlər üçün daha maraqlı və interaktiv performans göstərə bilirlər.
Daim öz üzərində işləmək, təlimlərdə iştirak etmək və dərs prosesini zənginləşdirmək müəllimlər üçün problem deyil, əksinə, onların peşəkar bacarıqlarını artırır və şagirdlərin öyrənmə motivasiyasını yüksəldir".