Azedu.az

Sertifikasiyadan 40 bal toplayan müəllim: müsahibə həyəcanlı, amma rahat keçdi

Sertifikasiya

26 Sentyabr 2025, 15:55
Sertifikasiyadan 40 bal toplayan müəllim: müsahibə həyəcanlı, amma rahat keçdi

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 16-19 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.

AzEdu.az müsahibə mərhələsindən maksimum - 40 bal toplayan Əliyeva Pərvinlə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

O bildirib ki, sualları eşidəndən sonra həyəcanı keçib:

"Əliyeva Pərvin Xudaşükür qızı, 1993-cü ildə anadan olmuşam. 2010-2014-cü illər Bakı Dövlət Universiteti, informatika müəllimiyi ixtisasını bitirmişəm. 2019-cu ildən etibarən Biləsuvar rayonu Rüfət Mikayılov adına Bəydili kənd tam orta məktəbində informatika müəllimi kimi fəaliyyət göstərirəm. Həmçinin orta təhsilimi də məhz həmin məktəbdə almışam.

Sertifikasiya imtahanının test mərhələsindən 55 bal toplamışam. Müsahibə mərhələsindən yüksək nəticə əldə edəcəyimi bilsəm də, 40 bal olacağını düşünmürdüm. Müsahibə mərhələsi mənim üçün həyəcanlı idi, çünki illər əvvəl  müsahibədə iştirak etmişdim. Ancaq sualları eşidəndən sonra həyəcanım keçdi. Müsahibə mərhələsində verilən suallar rahat idi və əsasən kurikulumla bağlı idi. Ümumilikdə isə müsahibə mənim üçün çox rahat keçdi.

Ümumilikdə sertifikasiya imtahanının keçirilməsinin tərəfdarıyam. Çünki bəzən müəllimlər öz üzərində işləmək istəmir. Xüsusən qadın müəllimlər həm məktəbdə işləyir, həm də evdə ailəsinin qayğısına qalırlar. Bu səbəbdən bəzən fənləri ilə bağlı əlavə araşdırma aparmaq istəmirlər, düşünürlər ki, "gedib dərsimi keçim". Evə qayıdanda isə yorğunluqdan başqa heç nə araşdırmırlar. Amma sertifikasiyadan sonra çox müəllimdə irəliləyişlər müşahidə olunub. Artıq onlar araşdırmalar edir və əvvəllər maraqlanmadıqları mövzulara da baxırlar. Sertifikasiya imtahanı müəllimlərin peşəkarlığının və bilik səviyyəsinin qiymətləndirilməsi üçün mühüm bir proses oldu . Bu imtahan müəllimin yalnız nəzəri biliklərini deyil, həm də pedaqoji bacarıqlarını yoxlamağa xidmət edir. Bu nəticə də mənim üçün həm sevindirici, həm də motivasiyaedici oldu. Həmçinin, gələcək inkişafım üçün də yol xəritəsi rolunu oynayır.".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox