Azedu.az

Sertifikasiyanın müsahibə mərhələsi gözlədiyimdən asan oldu

Sertifikasiya

18 Sentyabr 2025, 16:25
Sertifikasiyanın müsahibə mərhələsi gözlədiyimdən asan oldu

Sentyabrın 16-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılıb.

AzEdu.az Təhsil Portalı olaraq bu münasibətlə sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edən müəllimlərin təəssüratlarını öyrənməyə çalışıb.

Belə ki, müsahibə mərhələsində iştirak edənlərdən biri də Fərəcov Sənan Vahid oğludur.

Sənan müəllim qeyd edib ki, müsahibə mərhələsi onlayn formada keçirilməsinə baxmayaraq, heç bir çətinlik yaşanmayıb:

"1991-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinə daxil olmuşam. 1996-cı ildə həmin fakültəni əla qiymətlərlə bitirmişəm. Bununla yanaşı, BDU-nun nəzdində Hərbi kafedrayla bağlı leytenant rütbəsi almışam. Hazırda ehtiyatda olan baş leytenantam. Daha sonra 1999-cu ildə hərbi xidməti başa vurmuşam. Həmin ildən etibarən Salyan rayonu, Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərirəm. 2016-cı ildə müəllimlərin diaqnostik qiymətləndirmə imtahanından 60 mümkün baldan 55 bal, bu il keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanından isə 57 bal toplamışam.

26 ildir ki, müəllim olaraq fəaliyyət göstərirəm. Bu gün keçirilən müsahibə mərhələsini çox xoş qarşıladım, çünki gözlədiyimdən də çox asan oldu. Olduqca mehriban, gülərüz müəllim heyəti ilə qarşılaşdım. Tərtib edilmiş suallardan çox razı qaldım. İlk növbədə özümü təqdim etdim, daha sonra bir dərsin icmalı haqqında məlumat verdim.

Müsahibə mərhələsi onlayn formada həyata keçirildi. Onlayn olsa da heç bir çətinliyim olmadı, hər hansı texniki nasazlıq yaşanmadı. Ən yüksək səviyyədə müsahibə mərhələsi təşkil edilmişdi. Mənə verilən sualları tam dolğun şəkildə cavablandırmağa çalışdım.

Çox istərdim ki, ümumilikdə sertifikasiya imtahan nəticələrim 90 baldan yüksək olsun. Müsahibə mərhələsindən düşünürəm ki, 36-38 bal aralığında nəticə əldə etmiş olaram. Məktəbdə səhər növbəsində dərs deyirəm, müsahibə isə dərsim bitdikdən sonra keçirildi. İmtahan saat 14:00-də başladı və təxminən 10-15 dəqiqə çəkdi.

Müəllimlərə tövsiyə edərdim ki, dərs icmallarına yüksək səviyyədə hazırlaşsınlar, standartlara və şagirdlərin qiymətləndirilməsi proseslərinə diqqət yetirsinlər. Hər bir qiymətləndirmə səviyyəsi üzrə konstruktiv rəy verə bilsinlər".

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox