Azedu.az

MİQ və sertifikasiyadan ən çox kollec məzunları UĞURSUZ olur

Sertifikasiya

MİQ

18 Sentyabr 2025, 09:11
MİQ və sertifikasiyadan ən çox kollec məzunları UĞURSUZ olur

“Elementar baza səviyyəsində tapşırıqların minimal həllini verə bilməyən müəllimlərin diplomları necə olur? Məncə, buna cavab vermək lazım deyil, çünki nazirin özü bu suala cavab verir”.

Bu sözləri AzEdu.az-a təhsil eksperti Elmin Nuri bildirib.

Ekspert qeyd edib ki, Elm və Təhsil naziri Emin Əmrullayev həm media nümayəndələri üçün keçirilən brifinqdə, həm də illik hesabatda səsləndirdiyi fikirlərin bir çoxunda haqlıdır:

“Nazirin bəzi fikirləri hər zaman açıq danışmasına baxmayaraq, bu dəfə daha çılpaqlıqla ifadə olundu. Reallıqlar daha aydın şəkildə ortaya qoyuldu. Məncə, bu, müsbət tendensiyadır. Düzdür, əsas məsələ ondadır ki, bu sözlər sadəcə bəyanat olaraq qalmasın. Əksinə, düzgün tətbiq və icra olunsun. Hələlik gözləməliyik, amma istiqamətin düzgün qoyulması vacibdir”.

Əsas problem MİQ müsabiqəsinin və sertifikatlaşdırma prosesinin test mərhələsində minimal göstəricini belə toplaya bilməyən məzunların diplom alması ilə bağlıdır:

“Biz hamımız universitetdə oxumuşuq, hər semestr 5-6 imtahan vermişik, dövlət imtahanından keçmişik. Bundan əlavə, özümüzü təkmilləşdirmək üçün kurslara da qatılmışıq və orada da imtahanlardan sonra diplom almışıq. Bir çox müəllimlər də bu yolu keçib. Bəs necə olur ki, indi bəzi məzunlar elementar tapşırıqları həll edə bilmir? Bu, ciddi sualdır. Məncə, nazirin sözləri buna kifayət qədər aydın cavab verir. Çünki bəzi diplomlar həqiqi biliklərlə deyil, formal səbəblərlə əldə edilib”.

Uğursuz nəticə göstərən müəllimlərin böyük hissəsi orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır:

“Bəzilərinin diplomlarına ümumiyyətlə mübahisə edilmir, bəzilərinin isə müəyyən məqsədlərlə verildiyi məlumdur. Amma mən hər şeyi mənfi qiymətləndirmək istəmirəm. Statistikaya baxanda görürük ki, MİQ və sertifikasiya imtahanlarında zəif nəticə göstərənlərin çoxu orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. Həmin müəssisələrin bir çoxu artıq fəaliyyət göstərmir və ya orada müəllimlik ixtisasları tədris edilmir. Eyni zamanda, bəzi ali təhsil müəssisələrinin filialları da bağlanıb”.

Elə illər olub ki, kəsilənlərin 86%-i bağlanmış təhsil müəssisələrinin məzunları olub:

“Qalan 14 faiz isə ölkə üzrə pedaqoji kadr hazırlayan 20 təhsil müəssisəsinin üzərinə düşüb. Bu da kiçik rəqəm deyil. Deməli, monitorinqlər aparılıb, müəyyən tədbirlər görülüb və boş durulmayıb. İndi əsas məsələ həmin prosesin davamlı və aktiv şəkildə aparılmasıdır”.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox