Müəllimlərin sertifikatlaşdırma imtahanının müsahibə mərhələsinin avqustun sonlarında keçirilməsi planlaşdırılır. Test imtahanını uğurla keçən müəllimlər bəzən müsahibə zamanı yüksək həyəcan yaşayırlar.
Bəs, görəsən, həyəcanlanmadan yüksək bal toplayıb, uğur qazanmaq üçün nə etməli?
Ötən illərdə müəllimlərin sertifikatlaşdırma imtahanından maksimal 100 bal toplamış Masazır kənd 4 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Əfsanə Hüseynova AzEdu.az-a açıqlamasında müsahibədə iştirak edəcək müəllimlərə tövsiyələr verib.
“Sertifikasiya imtahanında iştirak edənlər illərin təcrübəsinə sahib müəllimlərdir. Bu səbəbdən də onlar tədris prosesindən xəbərdardırlar. Müsahibə mərhələsi də məhz müəllimin praktiki bacarığına yönəlmiş prosesdir. İmtahanda həyəcanın olması təbiidir, amma həyəcandan qurtulmağın bir yolu var. Belə ki, sual verilən an müəllim özünü sinif otağında təsəvvür edərək, cavab versə, həyəcanını tamamən yenə bilər. Çünki sualların cavabı sinif otağındadır.
Müsahibədə müəllimlər planı təqdimetmək, plan üzrə qiymətləndirmənin meyarlarını çıxarmaq, təlim nəticələrini vermək üçün sadəcə dərs planlarına fikir verməlidirlər. Burada müəllimi sıxacaq hər hansısa məsələ yoxdur. Onlar gördükləri işi metodiki cəhətdən izah etməyi bacarmalıdırlar.
Ötən il uğur qazanmayan müəllimlər inanıram ki, bu müsahibədən uğurla keçəcəklər, çünki müsahibədə onların gündəlik fəaliyyətində göstərdikləri performansı soruşurlar. Ona görə də heç bir həyəcana gərək yoxdur. Müəllimlər həyəcandan uzaq olub, gördükləri işi rahatlıqla danışsalar kifayət edər”.