Ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılması məqsədilə keçirilən sertifikasiyada xarici dil müəllimlərindən 12 faizi uğur qazana bilib, 1657 nəfərin əmək müqaviləsinə xitam verilib. Bu faktı elm və təhsil naziri Emin Əmrullayev də təstiqləyib. Nazir bildirib ki, orta balı aşağı olan 15 rayon, şəhər mövcuddur: “Məsələn, Astarada hər 3 müəllimdən biri ilə yolumuzu ayırmalı olduq”.
Xarici dil fənni müəllimlərinin sertifikasiyada aşağı nəticələr göstərməsi ciddi narahatlıq doğurur. Bu göstərici həm ümumi təhsil sistemində, həm də ali pedaqoji təhsil müəssisələrində müəyyən boşluqların olduğunu göstərir. Sertifikasiya nəticələri göstərir ki, xarici dil fənni müəllimlərinin əhəmiyyətli hissəsi ya minimal keçid balını toplamaqda çətinlik çəkir, ya da ümumiyyətlə uğursuz olur. Bu isə onların dil biliyinin, metodik hazırlığının və pedaqoji bacarıqlarının lazımi səviyyədə olmadığını üzə çıxarır. Xarici dil müəllimlərinin bir çoxu nəzəri biliklərə malik olsa da, bu bilikləri praktikada tətbiq etməkdə çətinlik çəkirlər.
Sertifikasiya imtahanları təkcə nəzəriyyə deyil, dilin tətbiqi bacarıqlarını da ölçür. Bəzi müəllimlər hələ də köhnə tədris üsullarına üstünlük verir və müasir pedaqoji metodlardan istifadə etmirlər. Bu da onların həm dərslərdə, həm də qiymətləndirmə sistemində geridə qalmasına səbəb olur. Müəllimlərin ixtisasartırma kurslarında iştirak imkanları ya məhduddur, ya da həmin kursların keyfiyyəti aşağıdır. Bu isə onların yenilənən proqramlara və beynəlxalq dil standartlarına uyğunlaşmasını çətinləşdirir. Bəzi pedaqoji universitetlərdə xarici dil ixtisası üzrə tədrisin keyfiyyəti arzuolunan səviyyədə deyil. Bu da gələcək müəllimlərin zəif baza ilə məktəblərə gəlməsinə səbəb olur.
Bu problemin birbaşa təsir etdiyi əsas sahələrdən biri isə orta məktəblərdə şagirdlərin ingilis dili üzrə bilik və bacarıqlarıdır. Belə ki, müəllimlərin zəif hazırlığı onların dərsi effektiv keçməsinə mane olur və nəticədə şagirdlər lazımi dil biliklərini əldə edə bilmirlər. Dərslərin keyfiyyətsiz təşkili, müasir tədris metodlarının istifadə olunmaması, interaktivliyin olmaması və müəllimlərin dilə olan münasibəti şagirdlərin motivasiyasını azaldır. Bu isə onların həm dərsdə passiv iştirakına, həm də ingilis dilinə qarşı maraqsız olmasına səbəb olur. Müəllimlərin çoxu ingilis dilində sərbəst danışıq bacarığına malik deyil. Bu isə praktiki yönümlü tədrisin qarşısını alır. Dilin tədrisində bəzən ciddi səhvlərə yol verilir. Sadalananlar səbəbindən 11 il müddətində ingiliscənin tədris olunmasına baxmayaraq, gənclərin çoxunun ingilis dili bilgisi və bu dildə danışıq bacarığı aşağı səviyyədə olur. Şagirdlər arasında bu dildə yazıb-oxuya bilməyənlərin sayı da az deyil. Təhsil müəssisələrində xarici dillərin lazımi səviyyədə tədris olunmaması səbəbindən təhsilalanlar məktəbi sözügedən dilləri yaxşı mənimsəməmiş bitirirlər. Bu səbəbdən də bir çox valideyn övladının xarici dilə yaxşı yiyələnməsi üçün onu ya repetitor yanına göndərir, ya da əlavə kurslara yazdırır.
Buraxılış imtahanı zamanı xarici dil fənnindən abituriyentlərə dinləmə və oxuyub anlama bacarığı tələb edən mətnlər təqdim olunur. Ancaq abituriyentlər bu mətnlərlə bağlı çətinlik çəkir. Bunun səbəbi isə orta məktəblərdə xarici dilin yaxşı səviyyədə tədris olunmamasıdır.
Mütəxəssilərin fikrincə, şagirdlərin dil üzrə bilik və bacarıqlarının artırılması üçün peşəkar ingilis dili müəllimlərininin tədrisə cəlb olunması vacibdir.
Valideyn Nəzrin Osmanova bildirib ki, məktəbdə ingilis dili tədrisinin zəif olması onu çox narahat edir: “Dərslər kifayət qədər interaktiv keçmir, uşaqlar əsasən qrammatika ilə yüklənirlər və danışıq bacarıqları formalaşmır. Müəllimin izahı bəzən yetərli olmur, şagirdlərdə maraq və motivasiya azalır. Buna görə də övladımın gələcəyini düşünərək onu əlavə hazırlığa yazdırdım. İstəyirəm ki, o, dili danışıq səviyyəsində öyrənsin, beynəlxalq imtahanlara hazır olsun və gələcəkdə istədiyi sahədə maneəsiz inkişaf etsin”.
Təhsil eksperti Elçin Əfəndinin dediyinə görə, orta ümumtəhsil məktəblərində ibtidai təhsil pilləsində ingilis dili öyrədilməyə başlanılır. Lakin uşaq 11 il ingilis dilini keçməsinə baxmayaraq məktəbi bitirəndə uğurlu nəticəsi olmur: “Təbii ki, bunun bir neçə səbəbi var. Burada dərsin tədrisindən çox şey asılıdır. Müəllim dərsi auditoriyada normal tədris edərsə, əlbəttə, bu, şagird tərəfindən verilən informasiyanın qəbul olunmasına gətirib çıxaracaq. Buraxılış imtahanı zamanı xarici dil fənnindən abituriyentlərə dinləmə və oxuyub anlama bacarığı tələb edən mətnlər təqdim olunduğundan, onlar məcburiyyət qarşısında qalaraq əlavə ingilis dili hazırlığına müraciət edirlər. Abituriyentlər bu mətnlərlə bağlı çətinlik çəkirlər. Bunun səbəbi isə orta məktəblərdə xarici dilin lazımi səviyyədə tədris olunmamasıdır. Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarında dinləmə və oxuyub anlama mətnləri salınsa da, şagirdlərin orta məktəblərdə bu biliyi əldə etməsində müəyyən problemlər var. Odur ki, xarici dillər üzrə repetitorlara müraciət çoxdur. Valideynlər məcbur qalıb uşağlarını dil öyrənməsi üçün kurslara, repetitorlara yönəldirlər”.
Təhsil eksperti Kamran Əsədov deyir ki, orta ümumtəhsil məktəblərində xarici dilin tədrisi iki istiqamətdə - əsas və ikinci xarici dil olaraq keçirilir: “Əsas xarici dil birinci sinifdən, ikinci xarici dil isə beşinci sinifdən tədris olunur. Hər birimiz bilirik ki, beynəlxalq aləmə əsas çıxış dili ingilis dilidir. Bu baxımdan, ölkəmizdə xarici dillərin tədrisində əsas dil kimi ingilis dili çox böyük üstünlük təşkil edir. Təxmini hesablamalara görə, məktəblərimizdə birinci xarici dil kimi 90-95 faiz ingilis dili tədris olunur. İngilis dili dünyaya açılan pəncərədir. Bu dili bilməyən dünyada, Azərbaycanın daxilində də yaxşı karyera qurmaqda çətinlik çəkəcək. Məktəbdə ingilis dili fənni tədris olunur, amma bu kifayət deyil. Qlobal dünyada rəqabətə davamlı gənc yetişdirmək üçün dərsdən əlavə ingilis dili üzrə məktəb daxilində əlavə dərnəklər təşkil olunmalıdır. Bu dərnəklər şagirdlərin danışıq bacarıqlarını inkişaf etdirmək, dili gündəlik ünsiyyət vasitəsinə çevirmək və öyrənməyə motivasiyanı artırmaq üçün vacibdir. Formal dərslərlə məhdudlaşmaq yox, şagirdlərin maraq dairəsinə uyğun interaktiv və praktik yanaşmalar tətbiq olunmalıdır. İngilis dilini öyrətmək yox, yaşatmaq lazımdır. Bu isə yalnız dərnək, klub və əlavə fəaliyyətlərlə mümkündür”.
Ekspert qeyd edib ki, bu gün istər orta məktəblərdə, istər ali məktəblərdə xarici dilin tədrisinin vəziyyəti ürək açan səviyyədə deyil. Bunu Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələrindən də görmək mümkündür: “Bu fənlərin tədrisinin aparıldığı dərsliklər də çox aşağı səviyyədədir, standartlara cavab vermir. Ümumtəhsil məktəblərində xarici dil fənninin tədrisi ilə bağlı metodik vəsaitlərin də təkmilləşdirilməsinə ehtiyac var. Tədrisdə istifadə olunan dərs vəsaitləri, kitablar şagirdlərdə oxuma, yazma və danışıq bacarığını formalaşdırır. Ən başlıcası isə müəllimlərin peşəkarlıq səviyyəsinə diqqət yetirilməlidir. Çünki doğurdan da məktəblərdə dərs deyən ingilis dili müəllimlərin öyrədiciliyi çox aşağı səviyyədədir. Məhz ona görə də, şagirdlər bu sahədə bilik və bacarıqları hazırlıq kurslarında, mərkəzlərdə əldə edirlər”.
Bu gün orta əksər ümumtəhsil məktəblərində xarici dil fənninin tədrisi ilə bağlı metodik vəsaitlər, linqvistik aparatura və texnika demək olar ki, yox səviyyəsindədir. Çünki bir çox hallarda xarici dillərin tədrisi zamanı müəyyən dinləyici qurğulardan istifadə olunmalıdır. Lakin bizim orta məktəblərimiz bu avadanlıqlarla təchiz olunmayıb. Bundan başqa, hazırlıq kurslarında və repetitor yanında şagirdlər və abituriyentlər əldə etdikləri bilikləri “Conversation club”larda müzakirə edirlər. Lakin orta məktəblər bu imkanlardan da məhduddurlar. Bu səbəbdən orta ümumtəhsil müəssisələrini bitirən yeniyetmələr dili birmənalı şəkildə zəif mənimsəyirlər.
Ekspert hesab edir ki, xarici dilləri tədris edən müəllimlər mütəmadi olaraq təlimlərə cəlb edilməlidirlər: “Müəllimlərin müasir resurslardan, avadanlıqlardan istifadə etmə vərdişləri yaranmalıdır. Orta sinif müəllimləri orada dərsliklərlə yanaşı, keyfiyyətli tədrisi həyata keçirmək üçün beynəlxalq kitablardan da istifadə etməlidirlər. Çünki şagirdlər orta məktəb bilikləri ilə bütün məlumatları əldə edə bilmirlər. Yaxşı olar ki, beynəlxalq qiymətləndirməyə cəlb edilən imtahan proqramı da orta məktəblərimizin proqramına daxil edilsin. Şagirdlərə təkcə söz deyil, həmin sözlərdən cümlə qurmaq və danışmaq öyrədilsin”.
Nərmin Qarazadə