Elm və təhsil naziri Emin Əmrullayev direktor və direktor müavinlərinin yaxın illərdə sertifikasiyadan yüksək bal toplayan müəllimlər arasında seçiləcəyini deyib. Mövzu ilə bağlı hələ ki rəsmi açıqlama olmasa da, iyun ayında keçirilən sertifikasiya prosesinin yekunlaşması məsələni yenidən gündəmə gətirib.
AzEdu.az xəbər verir ki, mövzu ilə bağlı təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri Modern.az-a bildirib ki, bu fikir reallaşacağı təqdirdə onu təhsil adına qeyri-peşəkar addım kimi qiymətləndirmək olar:
“Bu təkliflə qəti razı deyiləm. Hələ ki bu, ictimaiyyətə ideya olaraq səsləndirilib və rəsmi qərar yoxdur. Bunu nəinki ədalətli qərar, ümumiyyətlə təhsil adına peşəkar fikir hesab etmirəm. Bir insanın direktor və ya direktor müavini olması illərlə tədris etdiyi fənnin suallarına doğru cavab verməyi ilə ölçülməməlidir və ölçülə də bilməz. Deyək ki, bir müəllim fizikanı çox yaxşı bilir və sertifikasiyadan 60 bal toplayıb. Bu o demək deyil ki, həmin müəllim direktor və ya direktor müavini ola bilər”.
Elmin Nuri qeyd edir ki, hazırda direktor və direktor müavinlərinin seçilmə qaydası da düzgün deyil:
“Ümumiyyətlə direktor və direktor müavinin imtahanlarına da əl gəzdirmək lazımdır. Bu şəxslər test imtahanının nəticələrinə görə seçilə bilməz. Onlar üçün liderlik bacarıqlarını göstərən xüsusi tapşırıqlar, mərhələlər olmalıdır. Test imtahan mərhələsi onun sadəcə bir qolu olmalıdır. Bizdə isə test imtahan mərhələsi direktor və direktor müavinin seçilməsində 90 faiz rol oynayır, bu yolverilməzdir. O ki, qaldı sertifikasiyada yüksək bal toplayanların bu vəzifəyə namizəd olmalarına. mən bu təklifə qatılmıram və inandırıcı olacağını da düşünmürəm”.
“Nazirin dediyi fikir o zaman reallaşa bilər ki, sertifikasiyadan yüksək bal toplayan müəllimlər əlavə olaraq direktor və direktor müavinləri üçün nəzərdə tutulan əlavə mərhələlərə dəvət olunsunlar. Bu etablar idarəetmə, liderlik bacarığı, inandırma qabiliyyəti, menecerlik keyfiyyətləri ilə bağlı olmalıdır, əsasən də praktiki xarakter daşımalıdır. Yalnız bundan sonra həmin şəxslər direktor və direktor müavinliklərinə namizəd ola bilərlər”- deyə E.Nuri bildirib.
Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri onu da vurğulayıb ki, sertifikasiyadan yüksək bal toplayan gənc müəllimlər bu prosesə cəlb olunması o qədər də doğru qərar deyil:
“Direktor və direktor müavini olmaq istəyənlərin stajı ən azı 10 ili keçməlidir. Müəllim 21 yaşında sertifikasiyaya cəlb olunub və sözügedən etablardan yüksək nəticə ilə keçsə də, onun ən azı 10 illik stajı olmalıdır ki, direktor kimi fəaliyyət göstərə bilsin”.