Azərbaycan təhsil sistemində son illərdə aparılan əsas islahatlardan biri kimi müəllimlərin sertifikasiya prosesi çıxış edir. Bu proses sadəcə olaraq biliklərin yoxlanılması deyil, müasir dövrün tələblərinə cavab verən, öz üzərində çalışan müəllimlərin seçilib stimullaşdırılmasını nəzərdə tutur.
Bu fikirləri AzEdu.az-a açıqlamasında bu il sertifikasiyada iştirak edərək yüksək bal toplamış STEAM və Coğrafiya müəllimi, “Örnək müəllim” Tuqay Rzazadə bildirib. O, prosesin yalnız nəticəyə yönəlmədiyini, eyni zamanda müəllimin öz bilik və bacarıqlarını obyektiv qiymətləndirməsinə şərait yaratdığını vurğulayıb:
“Bu proses mənim üçün yalnız nəticə əldə etmək yox, həm də hansı sahələrdə daha da təkmilləşə biləcəyimi görmək baxımından faydalı oldu. Sertifikasiya müasir dövrün müəllim modelini formalaşdırmaq baxımından mühüm dönüş nöqtəsidir. Müəllimlik artıq yalnız fənn bilikləri ilə kifayətlənmir, daim öyrənməyi və pedaqoji bacarıqları inkişaf etdirməyi tələb edir”.
Qeyd edib ki, sertifikasiyanın əsas üstünlüklərindən biri yüksək nəticə göstərən müəllimlərin əməkhaqqısının artırılmasıdır:
"Bu yanaşma həm maddi, həm də mənəvi baxımdan motivasiya yaradır. Nəticə də müəllim daha çox öyrənməyə, yaradıcı dərslər keçməyə və şagirdlərlə daha məhsuldar işləməyə həvəslənir”.
Müəllim sertifikasiyanın həm də fərdi inkişaf xəritəsi təqdim edir. İmtahan nəticələri əsasında müəllim öz güclü və zəif tərəflərini daha dəqiq görə bilir və gələcək fəaliyyətini bu istiqamətdə planlaşdıra bilir. Sertifikasiya təkcə bir qiymətləndirmə deyil, həm də inkişaf, motivasiya və peşəkarlığın tanınması sistemidir. Müasir Azərbaycan məktəbində bu tip mexanizmlərin tətbiqi, müəllim nüfuzunun və təhsilin keyfiyyətinin artması baxımından əhəmiyyətli bir addımdır”.