Bəzi müəllimlər bir neçə fənni tədris etsələr də, sertifikatlaşdırma prosesi zamanı yalnız əsas ixtisasları üzrə qiymətləndirilirlər.
Məsələn, riyaziyyat və informatika fənlərini tədris edən müəllimlər yalnız riyaziyyat üzrə sertifikatlaşdırmadan keçiblərsə, digər fənni də tədris etməyə davam edib-edə bilməyəcəkləri ilə bağlı suallar yaranır. Bu məsələ xüsusilə sertifikatlaşdırmadan iki dəfə keçə bilməyib, əmək müqaviləsinə xitam verilən müəllimlər üçün aktuallıq kəsb edir.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, ikili ixtisaslı müəllimlər yalnız bir fəndən sertifikatlaşdırma prosesində iştirak edə bilərlər.
Diaqnostik qiymətləndirmə zamanı ikili ixtisaslı müəllimlər hər iki fənn üzrə imtahana cəlb olunsalar da, sertifikatlaşdırma prosesi fərqli şəkildə həyata keçirilir.
Belə ki, ikili ixtisas tədris edən müəllimin yalnız bir fəndən sertifikatlaşdırmanı uğurla tamamlaması ona növbəti 5 il ərzində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verir. Müəllim həmin müddət ərzində digər ixtisas üzrə də dərs deyə bilər.
Prosesdə əsas meyar müəllimin işə qəbul olunduğu ixtisas sahəsidir.
Əgər müəllim ötən il riyaziyyat fənnindən sertifikatlaşdırmanı uğurla başa vurubsa, daha sonra informatika fənnindən sertifikatlaşdırmada iştirak etməsinə ehtiyac yoxdur. O, növbəti 5 il ərzində həm riyaziyyat, həm də informatika fənnini tədris edə biləcək.