Məlumdur ki, iyunun 24-də keçirilən kimya fənni üzrə sertifikasiya imtahanından sonra bir çox müəllim narazılığını bildirib. Onlar imtahanın yenidən təşkili tələbi ilə çıxış edirlər. Lakin bu zaman cəmiyyətdə belə bir fikir formalaşır: əgər müəllim verilən sualları cavablandıra bilmirsə, onun etirazı nə dərəcədə əsaslıdır? Bu yanaşma, bir növ “Bilən danışar, bilməyən də...” prinsipi kimi qiymətləndirilir.
Maraqlıdır ki, bu kimi fikirlər nə dərəcədə doğrudur?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev danışıb.
Ekspert qeyd edib ki, müəllimlərin əsas şikayəti sualların çətinliyindən yox, imtahan vaxtının az olmasındandır:
"Sertifikasiya imtahanı şagirdlərə deyil, müəllimlərə keçirilir. Bu səbəbdən də sualın asan və ya çətin olması vacib amil hesab olunmamalıdır. Çünki müəllimə verilən sual həm çətin, həm də asan ola bilər. Əlbəttə ki, imtahan formatına görə suallar çətin, orta və asan olmaqla bölgü ilə hazırlanmalıdır.
Ancaq müəyyən suallar çətin hazırlanıbsa, bu bütün namizədlər üçün eyni şəkildə tətbiq olunur. Fikrimcə, müəllimlərin narazılığı sualların çətinliyindən yox, imtahan müddətinin qısa olmasındandır. Vaxt məsələsini bütün fənlərə eyni şəkildə tətbiq etmək düzgün deyil. Məsələn, coğrafiya ilə kimya fənnini müqayisə etdikdə görürük ki, kimya dəqiq fəndir və burada müəyyən misalların, məsələlərin həlli tələb olunur. Eləcə də riyaziyyat fənninə coğrafiya ilə eyni vaxtın ayrılması obyektiv yanaşma deyil. Hər fənnin özünəməxsus çətinlik səviyyəsi və yanaşma tərzi var. Buna uyğun olaraq imtahan vaxtı təyin olunmalıdır".
"Bəziləri deyə bilər ki, müəllim qısa müddətdə bütün sualları cavablandırmalıdır. Ancaq bu suallar müəllimin özü tərəfindən tədris olunan fəndən və həmin mövzulardan hazırlanıb. Müəllim həmin fənni tədris edirsə, bu sualları da cavablandırmağı bacarmalıdır",- deyə R. Nurəliyev əlavə edib.
"Ancaq imtahanda müəllimin özü tərəfindən tərtib olunmamış suallar təqdim olunmur. Bu səbəbdən vaxt məsələsinə daha həssas yanaşmaq vacibdir. İmtahan müddəti artırılarsa, müəllimlərin narazılıqları da azalacaq. Müəllim öz fənnindən sualların çətin olduğunu deyərək narazılıq edirsə, bu, gülünc görünə bilər. Axı o, həmin fənni şagirdlərə tədris edir. Əgər fənn ona çətin gəlirsə, şagirdlərə bu bilikləri necə aşılayacaq?
Qeyd etdiyim kimi, müəllimlərin əsas şikayəti sualların çətinliyindən yox, imtahan vaxtının az olmasındandır. Elm və Təhsil Nazirliyi və müvafiq qurumlar sualları tərtib edərkən bu amili nəzərə almalıdır”.