Azedu.az

Müəllimlərin dilində dua, qəlbində həyəcan - Sertifikasiyadan REPORTAJ+FOTO

Sertifikasiya

Müəllimlər və elm adamları

24 İyun 2025, 16:20
Müəllimlərin dilində dua, qəlbində həyəcan - Sertifikasiyadan REPORTAJ+FOTO

Bu gün ilk dəfə olaraq ümumi təhsil müəssisələrində çalışan 1 334 təhsilverən - 779 biologiya, 555 kimya müəllimi sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə dəvət olunub.

Müəllimlər üçün olduqca əhəmiyyətli olan bu gündə AzEdu.az imtahan mərkəzlərindən biri olan Bakı şəhəri, 158 nömrəli məktəbdə baş verənləri işıqlandırmaq üçün yola düşüb..

163147

Məktəbin girişində ilk olaraq təcili tibbi yardım əməkdaşları diqqətimizi çəkdi. Hər hansı gözlənilməz hadisəyə qarşı hazır vəziyyətdə dayanmışdılar. Saat 10:00 radələrində məktəbə daxil olduqda bizləri qarşılayan mənzərələr təhsilin arxa planında yaşanan dərin emosiyaları bir daha ortaya qoyurdu: övladını yola salan atanın üzündəki həm qürur, həm də həyəcan, anasına yoldaşlıq edən uşaqlar, imtahana sayılı dəqiqələr qalmış belə kitaba son dəfə nəzər salan müəllimlər...

163149

Bu səhnələr bir peşənin arxasında necə böyük fədakarlıq və məsuliyyət dayandığını əyani şəkildə göstərirdi.

İmtahan öncəsi bir neçə müəllimlə həmsöhbət olduq. Aralarında həyəcandan danışacaq halda olmayanlar da var idi. Amma özünə tam arxayın, yüksək nəticə gözləyən müəllimlər də diqqətdən yayınmırdı. Bəziləri sadəcə “Allah köməyimiz olsun” deyə pıçıldayırdı. Bu, təkcə imtahan yox, illərin təcrübəsinin, zəhmətinin, əzminin sınağı idi.

Bir çox müəllim dualarla imtahan zalına daxil olurdu. Elələri də vardı ki, həyəcandan nəzarətçilərin yönləndirmələrini belə eşitmədən zalı tapmaqda çətinlik çəkirdi.

Saat 11:00-da imtahan başladı.

Təhsilverənlər öz bilik və bacarıqlarını göstərmək üçün monitordakı suallar qarşısında imtahana başladılar. Proses şəffaf şəkildə təşkil olunmuşdu və imtahan müddətində hər hansı texniki və ya təşkilati problem müşahidə edilmədi.

163153

Saat 12:15-də artıq ilk nəticələr ortaya çıxmağa başladı. Zaldan çıxan müəllimlər arasında 185 nömrəli məktəbin biologiya müəllimi Əfsanə Cəfərova da vardı. 58 bal toplayan Əfsanə müəllim bildirdi ki, imtahan tam şəffaf şəraitdə keçib, suallar isə qaneedici və anlaşıqlı olub.

Artıq saat 13:10 imtahan başa çatmaq üzrədir. Zaldan çıxanlar arasında sevincini gizlədə bilməyənlər də var, üzgün görünənlər də. Amma nəticədən asılı olmayaraq, məktəbin həyətində müəllimləri gülər üzlə qarşılayan ailə üzvləri bu günün ən xoş mənzərələrindən biri idi.

163146

TƏBİB-dən verilən məlumata əsasən, gün ərzində yalnız iki müəllim tibbi yardıma müraciət edib və hər iki halda da səhhətləri normal olub.

Ümumilikdə isə yaxşı nəticələrlə imtahan zalını tərk edən müəllimlərin sayı üstünlük təşkil edirdi.

Bu gün müəllimlərin baxışında təkcə imtahan həyəcanı yox, illərin zəhməti və qüruru vardı. Onlar bu prosesə inamla, sakitliklə və böyük məsuliyyətlə yanaşdılar. Hər baxışda fədakarlıq, hər addımda təhsilə sevgi hiss olunurdu. Gördüklərimiz bir daha sübut etdi ki, müəllimlərimiz bu gün də, sabah da işıqlı gələcəyin ən güclü dayağı olmağa davam edirlər.

Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!
Son xəbərlərDaha çox