Xəbər verdiyimiz kimi, bu gün kimya və biologiya fənləri üzrə sertifikatlaşdırma imtahanı keçirilir.
AzEdu.az bu münasibətlə 158 nömrəli məktəbə yollanıb.
36 nömrəli tam orta məktəbin kimya müəllimi Gülçöhrə Rzayeva imtahan öncəsi təəssüratlarını bizimlə bölüşüb:
"Müəllim olaraq 27 ildir ki, fəaliyyət göstərirəm. Bu müddət ərzində ixtisasımı tam mənimsəmişəm. Fənnimi çox sevirəm. Dərs gedişatında öyrəndiklərimizi və istifadə etdiyimiz metodikaları bu gün imtahanda tətbiq etməyə gəlmişik. İmtahan öncəsi məlum məsələdir ki, hamı kimi mən də həyəcanlıyam. Yəni "həyəcanım yoxdur" desəm, yalan olar. Düşünürəm ki, imtahan başlayan zaman o həyəcanı yenəcəm. Özüm diaqnostikadan 49 bal toplamışdım. Bugünkü imtahanda hədəfim 50+ bal toplamaqdır. Bütün müəllimlərə uğurlar arzulayıram".
36 nömrəli tam orta məktəbin kimya müəllimi Xatirə Cəfərova qeyd edib ki, bu sahədə 38 ildir fəaliyyət göstərir:
"Ümid edirik ki, bütün müəllimlər sualları rahatlıqla cavablandıra biləcəklər. Bu gün öz məsuliyyətimizi dərk edərək imtahana gəlmişik. İnanıram ki, imtahandan 50-dən yuxarı bal toplayacağam. Bununla da həm məktəb kollektivimizi, həm ətrafımızdakıları sevindirəcək, həm də özünəinamımızı bir daha təsdiqləmiş olacağıq".