Azedu.az

Təkrar sertifikatlaşdırmada iştirak edənlər: Çox sanballı suallar seçilmişdi

Sertifikasiya

21 İyun 2025, 10:29
Təkrar sertifikatlaşdırmada iştirak edənlər: Çox sanballı suallar seçilmişdi

İyunun 20-də ölkə üzrə təkrar serifikatlaşdırmaya cəlb olunan müəllimlər üçün imtahanlar keçirilib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində də çalışan müəllimlər arasında uğurlu nəticə göstərənlər var.

AzEdu.az xəbər verir ki, “Azərbaycan müəllimi” həmin müəllimlərin imtahanla bağlı təəssüratlarını öyrənib.

“Özümə sübut etmək istədim ki, tədris etdiyim fənni yaxşı bilirəm və onun hər xırdalığına hakiməm”

Xızı rayonu Fındığan kənd tam orta məktəbinin riyaziyyat müəllimi Günay Qədirova imtahanda 55 bal toplayıb. Onun sözlərinə görə, artıq 6-cı ildir ki, müəllim kimi fəaliyyət göstərir. Günay müəllim bu il ilk dəfə sertifikatlaşdırma imtahanında iştirak edir. Keçən il analıq məzuniyyətində olduğuna görə imtahana qatıla bilməyib və sertifikatlaşdırmada bu il iştirak edib:

“Hər bir insan öz peşəsini sevərək çalışmalıdır. Mən də peşəmi o qədər sevirəm ki, hər zaman - istər iş müddətində, istərsə də yay tətilləri dövründə öz üzərimdə çalışır və kitab-dəftərlə dostluq edirəm. Fikrimcə, yaxşı nəticə göstərməyimin səbəbi elə müntəzəm çalışmağımdadır. İmtahana bir ay qalmış öz üzərimdə daha çox işləməyə başladım. Özümə sübut etmək istədim ki, fənnimi yaxşı bilirəm və onun hər xırdalığına hakiməm. İmtahan bitdikdən sonra çox xoşbəxt idim və əmin oldum ki, bunu bacardım”.

Günay müəllim əlavə edir ki, suallar onun üçün çətin olmayıb: “Hesab edirəm ki, şagirdlə gündəlik işləyən müəllim bu sualların öhdəsindən gəlməyə qadir olmalıdır. Problemli sualla qarşılaşmadım. Hətta sualların hamısını cavablandırmaq olardı, sadəcə, həyəcan səbəbindən bir neçəsi gözümdən yayınıb”.

Günay müəllimin sertifikatlaşdırmada iştirak edən müəllimlərə tövsiyəsi belədir: “Sadəcə, bir az çox çalışmaq lazımdır. Zəhmət çəkdikdən sonra insan mütləq əziyyətinin bəhrəsini görür”.    

“Hər müəllim durmadan özünü təkmilləşdirməlidir”

İlahə İmanova Xırdalan şəhəri Veysəl Musibov adına 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimidir və 53 bal toplayıb. Bildirir ki, 2001-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Keçən il müəllimlər üçün təşkil olunan TESOL üzrə beynəlxalq təlimdə iştirak etdiyindən sertifikatlaşdırma imtahanında iştirak edə bilməyib. O, bu il ilk dəfədir ki, sertifikatlaşdırmaya qatılıb.

İlahə müəllim deyir ki, xüsusi olaraq imtahana hazırlaşmayıb, uğurlu nəticəsi illərin təcrübəsinə əsaslanır: “Suallar gözlədiyimdən daha düşündürücü idi. Çox sanballı suallar seçilmişdi”.

Sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərə İlahə müəllim bu sözləri ünvanlayır: “Hər müəllim durmadan öz sahəsi üzrə araşdırmalar aparmalı, özünü təkmilləşdirməlidir”. 

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox