Azedu.az

Sertifikasiyadan kəsilənlər: “Onları sistemdə saxlamaq mümkündür”

Sertifikasiya

Müəllimlər və elm adamları

19 İyun 2025, 15:15
Sertifikasiyadan kəsilənlər: “Onları sistemdə saxlamaq mümkündür”

Qaydalara əsasən, sertifikasiyadan  aşağı nəticə toplayan müəllimlərə 1 il müddətində yenidən hazırlaşmaq üçün möhlət verilir. Lakin bu müddət ərzində də nəticələrini yaxşılaşdırmasalar, onların əmək müqaviləsinə xitam verilir.

 

Bəs görəsən, bu halda müəllimlərin işdən çıxarılması ilə yanaşı hansı alternativ təkliflər irəli sürülə bilər?

 

AzEdu.az-a mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, Kamran Əsədov açıqlama verib.

 

Ekspert qeyd edib ki, bu prosesin nəticələrinə əsasən aşağı bal toplayan müəllimlərin əmək müqaviləsinə xitam verilməsi mexanizmi yalnız idarəedici yanaşma ilə deyil, eyni zamanda dəstəkləyici və bərpaedici yanaşma ilə tamamlanmalıdır:

 

“Müəllimlərin sertifikatlaşdırılması prosesi təhsildə keyfiyyətin yüksəldilməsi və peşəkar inkişafın stimullaşdırılması baxımından mühüm islahatlardan biridir. Lakin bu prosesin nəticələrinə əsasən aşağı bal toplayan müəllimlərin əmək müqaviləsinə xitam verilməsi mexanizmi yalnız idarəedici yanaşma ilə deyil, eyni zamanda dəstəkləyici və bərpaedici yanaşma ilə tamamlanmalıdır. Çünki müəllimin peşə fəaliyyəti bir test nəticəsi ilə birdəfəlik qiymətləndirilməməlidir və alternativ çıxış yolları yaradılmalıdır.

 

Qaydalara əsasən, sertifikasiyadan uğurla keçməyən müəllimlərə 1 il müddətində nəticələrini yaxşılaşdırmaq üçün imkan verilir. Bu ədalətli görünür, lakin bu müddət ərzində dəstək mexanizmləri zəifdirsə və ya struktur şəkildə mövcud deyilsə, bu imtiyaz formal xarakter daşıyacaq. 2023-cü ildə sertifikasiya nəticələrinə əsasən orta məktəblərdə müəllimlərin təxminən 12%-i 50 baldan aşağı nəticə göstərib. Onların əksəriyyəti kənd məktəblərində çalışan, yaşlı nəsli təmsil edən və resurs çatışmazlığı ilə üzləşən pedaqoqlardır”.

 

Həmsöhbətimiz söyləyib ki, belə hallarda işdən çıxarılma ilə yanaşı aşağıdakı alternativ və sosial baxımdan məsuliyyətli yanaşmalar irəli sürülə bilər:

 

“Əvvəla, təkrar hazırlıq proqramları yalnız fərdi təşəbbüsə buraxılmamalı, dövlət və ya bələdiyyə dəstəyi ilə təşkil olunmalıdır. Bu proqramlar onlayn kurslar, yay məktəbləri, regional təlim mərkəzlərində praktik məşğələlər və mentorluq əsaslı dəstək sistemləri ilə müşayiət olunmalıdır. Təhsil İnstitutunun təşkilatçılığı ilə peşəkar inkişaf mərkəzləri yaradılaraq, nəticəsi zəif olan müəllimlər orada sistemli şəkildə öyrədilməlidir. Bu, onların nəticə göstəricilərini real şəkildə yaxşılaşdırmağa şərait yarada bilər.

 

Digər bir nüans isə müəllimlərin təhsil sahəsində alternativ funksiyalara yönəldilməsidir. Sertifikasiyadan keçə bilməyən, lakin pedaqoji təcrübəsi və məktəbə bağlılığı olan şəxslər üçün məktəb daxilində köməkçi pedaqoji rollar, məsələn, dərsdənkənar fəaliyyət təşkilatçısı, kitabxana rəhbəri, sinif meneceri, kurator, tədris resurslarının hazırlanmasında iştirakçı və s. funksiyalar təqdim oluna bilər. Bu zaman həmin şəxslər təhsildən kənarlaşdırılmadan əmək bazarında saxlanılır və onların təcrübəsindən istifadə davam etdirilir.

 

Digər mühüm yol – pedaqoji təcrübəyə əsaslanan alternativ qiymətləndirmə mexanizmlərinin tətbiqidir. Məsələn, bir müəllim testdə zəif nəticə göstərmiş ola bilər, lakin onun şagirdlərinin buraxılış göstəriciləri, valideyn rəyləri və məktəb rəhbərliyinin təhlili müsbətdirsə, bu halda onun fəaliyyətinə daha çox fərdi və kompleks baxış tətbiq olunmalıdır. Bu istiqamətdə “portfel qiymətləndirmə” və “iş başında diaqnostika” metodları tətbiq oluna bilər. Dünya təcrübəsində - xüsusilə Sinqapur və Kanada kimi ölkələrdə müəllimlərin yalnız testə deyil, sinifdəki fəaliyyətinə əsaslanan müşahidə və inkişaf planları aparılır”.

 

“Sosial və hüquqi aspekt də nəzərə alınmalıdır. Müəllimlərin bir qismini sistemdən kənarlaşdırmaq pedaqoji kadr çatışmazlığı olan bölgələrdə ciddi boşluqlar yarada bilər”, - deyə müsahibimiz qeyd edib:

 

“Əgər sertifikasiyadan keçə bilməyən müəllim işdən çıxarılırsa, onun yerini doldurmaq üçün kifayət qədər hazırlıqlı kadr bazası yoxdursa, bu, məktəblərdə dərs yükünün artması və tədrisin keyfiyyətinin aşağı düşməsi ilə nəticələnə bilər. Bu baxımdan, alternativ tədbir kimi, ixtisasartırma təhsili və ikinci sertifikasiya imkanları ilə birgə ödənişli staj proqramları təklif edilə bilər.

 

Nəhayət, yaş meyarı nəzərə alınmalıdır. Yaşı 60-dan yuxarı olan müəllimlərin bilik səviyyəsinin zəifləməsi tənqid edilə bilər, lakin bu kateqoriyaya təzyiq əvəzinə fəxri tutumlu peşəkar dəstək funksiyaları vermək daha məqsədəuyğun olar. Onlar gənc müəllimlər üçün mentor kimi çıxış edə, məktəb ictimaiyyətində təcrübə paylaşımı aparmaqla sistemdə faydalı rolda qala bilərlər”.

 

K.Əsədovun sözlərinə görə müəllimin işdən çıxarılması son yol olmalıdır:

 

"Onun qarşısında əvvəlcə inkişaf imkanları açılmalı, dəstək verilməli, dəyərləndirilməli və sonda hələ də nəticə dəyişməzsə, hüquqi əsaslarla qərar verilməlidir. Təhsil sistemi təkcə ölçən və qiymətləndirən yox, inkişaf etdirən və qoruyan bir sistem olmalıdır. Bu prinsiplə yanaşıldıqda sertifikasiyadan keçə bilməyən müəllim cəzalandırılmır, dəstəklənir və gələcək üçün yenidən qazandırılır. Bu da həm müəllimə, həm məktəbə, həm də bütövlükdə təhsil sisteminə qazandırır".

TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!
Son xəbərlərDaha çox