2025-ci il üzrə sertifikatlaşdırma prosesinə iyunun 18-də rəsmi şəkildə start verilib. Ölkə üzrə 18 imtahan mərkəzində keçirilən imtahanlarda 2000-dən artıq müəllim iştirak edib və ümumi davamiyyət 95 faiz təşkil edir.
AzEdu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məlumat verib.
Onun sözlərinə görə, cari ildə kimya, fizika, biologiya, informatika və coğrafiya fənləri üzrə müəllimlərin sertifikatlaşdırılması nəzərdə tutulur. Ümumilikdə isə prosesə 20 minə yaxın müəllimin cəlb olunacağı planlaşdırılır:
“Son üç ildə 65 min müəllim bu prosesə qoşulub, onlardan 55 mini imtahan mərhələlərini uğurla tamamlayıb. Hazırda 17 mindən çox müəllim əməkhaqqının 35 faizi, 38 min müəllim isə 10 faizi həcmində aylıq əlavə alır”.