Məlumdur ki, müəllimlər sertifikasiya imtahanından kəsildikdə onlara bir il müddətində yenidən hazırlaşmaq üçün möhlət verilir. Bu dövrdə onlar işlərini davam etdirirlər. Lakin əgər ikinci dəfə də sertifikasiya imtahanından uğursuz olsalar, onların əmək müqaviləsinə xitam verilir.
Maraqlıdır ki, bu qayda həkimlər üçün fərqlidir. Belə ki, 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Bu halda iş yeri saxlanılsa da, tibb işçisinə işə gəlməyə icazə verilmir. Və dövlət tərəfindən maaş almaqda davam edirlər.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri qeyd edib ki, müəllimlərin sertifikatlaşdırılması prosesində qiymətləndirmə mərhələsində müəyyən güzəştlərə getmək olar:
"Müəllimlərin sertifikatlaşdırılması prosesi Nazirlər Kabinetinin 2019-cu il qərarına əsasən müəyyənləşdirilib. Buradakı bütün müddəa və qərarlar həmin qaydalar əsasında həyata keçirilir”.
Ekspert əlavə edib ki, bu proses əsasən Qazaxıstan və Ukrayna təcrübəsindən bəhrələnir:
“İstər metodoloji, istərsə də qiymətləndirmə tərəfinin hüquqi bazası xarici təcrübələrə əsaslanaraq hazırlanıb. Bu istiqamətdə xüsusi komissiya fəaliyyət göstərir və mütəmadi monitorinq aparılır. Fikrimcə, müəllimlərin sertifikatlaşdırılması prosesinin tələbləri kifayət qədər humanist və demokratikdir. Burada heç bir ağırlaşdırmadan söhbət gedə bilməz.
Qeyd edə bilərəm ki, müəllimlərin sertifikatlaşdırılması prosesində qiymətləndirmə mərhələsində müəyyən güzəştlərə getmək olar. Amma biz mövzu ilə bağlı müqayisələrdən uzaq durmalıyıq. Hər peşənin özünəməxsus xarakteristikası və spesifikası var. Hər bir peşə sahiblərinə qoyulan tələblər fərqlidir. Bir peşə digərindən fərqləndiyi kimi, həmin peşə sahiblərinə qoyulan tələblər də bir-birindən fərqli olmalıdır. Bunu ayrıseçkilik və ya sosial fərq kimi qiymətləndirmək doğru deyil”.