Növbəti ildə, daha çox praktiki əmək tələb edən təsviri incəsənət, musiqi, fiziki tərbiyə və texnologiya müəllimlərinin sertifikatlaşdırılması planlaşdırılır. Bu fənn müəllimləri, əvvəlki illərdə, müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində rəsmlərini, əl işlərini və digər sənət əsərlərini təqdim etmək üçün gətirirdilər.
Bəs görəsən, sertifikasiyanın müsahibə mərhələsində də həmin fənn müəllimlərinə rəsm çəkmək, musiqi alətində ifa etmək və ya sənət əsəri yaratmaq tələbi qoyulmalıdırmı?
Təhsil eksperti Elşən Qafarov bu mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.
E.Qafarov bildirib ki, sertifikasiyada müəllimlərdən praktiki bacarıqlar tələb olunacağını düşünmür:
“Musiqi, təsviri incəsənət, texnologiya fənləri üzrə sertifikasiya növbəti il keçiriləcək. Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarda göstərilir ki, sertifikasiyanın birinci mərhələsi test, ikinci mərhələsi isə müsahibədən ibarətdir. Müsahibə mərhələsinin şərtləri mövzunu təqdimetmə, ünsiyyət qurma və qiymətləndirmə bacarıqlarını əhatə edir. Bu mərhələdə qiymətləndirmə 5 əsas şərt daxilində aparılır. MİQ müsabiqəsinin müsahibə mərhələsində isə namizədlərdən yalnız mövzunu təqdim etmək tələb olunur. Bu baxımdan sertifikasiya prosesinin müsahibə mərhələsi MİQ-dən fərqlənir.
Düşünmürəm ki, sertifikasiyada müəllimlərdən praktiki bacarıqlar tələb olunsun. Lakin müsahibə mərhələsi ilə bağlı hər hansı bir tələbin olub-olmaması barədə Sertifikasiya Şurası qərar verəcək. Bu qərar müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək”.
Müsahibimiz qeyd edib ki, musiqi müəllimlərinin musiqi alətlərində ifa etməyi və təsviri incəsənət müəllimlərinin rəsm çəkməyi bacarması vacibdir:
“Musiqi müəllimi musiqi ilə bağlı ilkin biliklərə və notlara yiyələnməli, həmçinin musiqi alətlərində ifa etməyi bacarmalıdır. Təsviri incəsənət müəllimləri rəsm çəkmək bacarığına sahib olmalı, texnologiya müəllimləri isə proqramda göstərilən əl işlərini hazırlaya bilməlidir. Bu bacarıqların praktiki toplanması üçün mexanizm yaradılmalıdır. Lakin prosesin necə və hansı qaydada həyata keçiriləcəyinə Sertifikasiya Şurası qərar verəcək”.