Azedu.az

Sertifikasiyadan yüksək bal toplayan 62 yaşlı müəllim: "Hazırlaşmağa ehtiyac duymadım"

Sertifikasiya

9 Dekabr 2024, 11:45
Sertifikasiyadan yüksək bal toplayan 62 yaşlı müəllim: "Hazırlaşmağa ehtiyac duymadım"

Bu il riyaziyyat və xarici dil müəllimlərinin sertifikasiya imtahanı keçirilib. Məlumdur ki, imtahanda 60 və daha yaşlı müəllimlər könüllü şəkildə iştirak hüququna malikdirlər. Belə ki, cari ildə sertifikasiyada 60-dan yuxarı yaşı olan 2767 nəfər müəllim könüllü iştirak edib. 

 

Onlardan biri də Ətirə Cəfərovadır.

 

O, ingilis dili fənni üzrə sertifikasiyanın test imtahanı mərhələsindən 56, müsahibədən isə 35 bal toplayaraq yüksək nəticə əldə edib.

 

Bu münasibətlə AzEdu.az Təhsil Portalı olaraq Kürqaraqaşlı kənd M.Dadaşova adına tam orta məktəbdə fəaliyyət göstərən Ətirə müəllimlə əlaqə saxladıq.

 

-Ətirə müəllim, sizi daha yaxından tanımaq istərdik.

150735

-Mən, Cəfərova Ətirə Nadir qızı 1962-ci ildə anadan olmuşam. Salyan rayonu Kərimbəyli kənd orta məktəbini qızıl medalla bitirmişəm. Daha sonra Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna, indiki adı ilə Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisasına qəbul olundum. Lakin bitirdikdə artıq ingilis-alman dili üzrə, yəni 2-ci ali təhsil almış olaraq bitirdim. Universiteti də fərqlənmə ilə başa vurmuşam.

 

2003-cü ildən etibarən məktəblərarası rayon səviyyəsində iştirak etdiyim bütün beynəlxalq yarışlarda qalib olmuşam. 2004-cü ildə isə göstərdiyim yüksək nəticələrə görə keçmiş təhsil naziri Misir Mərdanov tərəfindən fəxri fərmanla təltif olunmuşam.

 

-Ətirə müəllim, bəs magistratura təhsiliniz varmı?

 

-Xeyr. Təhsil aldığım müddətdə magistratura pilləsi yox idi. Həmin təhsil pilləsi sonradan yarandı. 5 il bakalavr təhsili almışam.

 

-Fəaliyyətinizə ilk qədəmlərinizi atdığınız məktəb hansı idi?

 

- İlk təhsil aldığım Salyan rayonu Kərimbəyli kənd orta məktəbində 1-2 il fəaliyyət göstərdim. Lakin ailə qurduğum üçün fəaliyyətimi Salyan rayonu Kürqaraqaşlı orta məktəbində davam etdirdim və 1987-ci ildən bu günə qədər burada işləyirəm. Ümumilikdə 40 illik müəllimlik təcrübəm var. Diaqnostik qiymətləndirmədə 55 bal, sertifikasiyada isə 56 bal toplamışam. Yaşımla əlaqədar olaraq bu imtahanlarda könüllü şəkildə iştirak etmişəm.

 

-Topladığınız bal heç də aşağı deyil. Sertifikasiyaya necə hazırlaşmışdınız? Bunun üçün müvafiq kurslara gedirdinizmi?

150736

 

-Xeyr. İxtisasımı olduqca yaxşı bildiyim üçün əlavə dəstəyə ehtiyac duymamışam. Buna görə də imtahana özüm hazırlaşıb belə bir nəticə toplamışam.

 

-Bəs özünüz necə hazırlaşırdınız?

 

-Əsasən telefon vasitəsilə imtahana hazırlaşırdım. Yutub platformasında təqdim edilən suallara, test tapşırıqlara nəzər salırdım. Həm də bayaq qeyd etdiyim kimi, 40 illik təcrübəm var və bu əlbəttə ki, mənə böyük dəstək idi. Ona görə də hazırlaşmağı ehtiyac bilmədim.

 

-Sizi bir daha təbrik edirəm.

 

-Çox sağ olun.

 

-Aydın məsələdir ki, 60 yaşdan yuxarı müəllimlər sertifikasiyada könüllü şəkildə iştirak etmək hüququna sahibdirlər. Siz də onlardan biri oldunuz. Bəs necə oldu ki, bu imtahanda iştirak etmək qərarına gəldiniz?

 

-Sözün düzü, mən imtahan həvəskarıyam. Hətta evdə uşaqlara deyirdim ki, yadıma salın, MİQ-ə gedib imtahan vermək istəyirəm. Nədənsə imtahanları sevirəm. Həm də özümü yoxlamaq istədim.

 

- 56 bal toplayacağınızı düşünürdünüzmü?

 

- Əslində, diaqnostik qiymətləndirmədə topladığım 55 baldan narazı qalmışdım. Ona görə düşündüm ki, sertifikasiyadan 55-dən yuxarı bal toplayacam 58 bal toplamağı istəyirdim. Lakin yenə də aşağı toplamamışam.

 

-İlk dəfə nəticənizlə tanış olduğunuz zaman nə hisslər keçirdiniz?

 

150738-Əlbəttə, çox sevindim və özümə dedim ki, şükür elə, naşükür olma. Ailəm, övladlarım və şagirdlərim mənə hər zaman deyirlər ki, biz sizinlə qürur duyuruq. Mən də həmişə onlara sevinc bəxş etmək istəmişəm. Şagirdlərimi qalib ruhlu yetişdirdiyim üçün aşağı bal toplasaydım özümdəm utanardım.

 

-40 illik fəaliyyətiniz dönəmində bir müəllim olaraq həyata keçirmək istədiyiniz arzunuz olubmu?

 

-Bəli, olub.

 

-Həmin arzunu bizimlə də bölüşə bilərsinizmi?

 

-İxtisasım İngilis-alman dili müəllimidir, lakin alman dili üzrə bu günə qədər dərs keçə bilməmişəm. Ona görə də bu arzum ürəyimdə qalıb.

 

-Bəs buna səbəb nə idi?

 

-Çünki məktəbdə alman dili tədris edilmir. Çox istərdim ki, məktəbimizdə alman dili üzrə dərs deyə bilim. Bunu çox arzulayıram.

 

-Heç olubmu ki, alman dili üzrə repetitor kimi fəaliyyət göstərmisiniz?

 

-Xeyr, olmayıb. Düzdür, bununla bağlı mənə müraciət edən şagirdlər olub, lakin bu fənn üzrə məktəbdə dərs keçib təcrübə əldə edə bilmədiyim üçün şagird hazırlığını qəbul etməmişəm.

 

- Adətən müəllimlərin bir qismi sertifikasiya suallarının çətinliyindən, biraz qarışıq olduğundan gileylənirdilər. Sizcə, suallar səviyyəsi necə idi?

 

-Sualların heç bir çətinliyi yox idi. Sizə düzünü deyəcəm.

 

-Buyurun.

 

-18 dəqiqədə mən artıq 42-ci sualda idim. Mənim üçün suallar asan idi.

 

-Lap yaxşı. Ətirə müəllim, neçənci siniflərə dərs keçirsiniz?

 

-1-ci sinifdən 11-ci sinfə qədər dərs deyirəm.

 

-O zaman abituriyentlərlə repetitor kimi məşğul olursunuz?

 

-Əslində, 2-3 il olar ki, repetitorluq etmirəm.

 

-Doğrusu bu qədər təcrübəli və bacarıqlı bir müəllim hər bir abituriyentin arzusudur. Repetitor kimi fəaliyyət göstərməməyinizə hər hansısa bir səbəb varmı?

150737

-Qızım, əslində evdə icazə vermirlər. Mənə deyirlər ki, artıq istirahət etməlisən. Valideynlər mat-məəttəl qalıblar ki, biz sizi istəyirik. Lakin evdəkilər sağlamlığımın qeydinə qalmağımı istəyirlər.

 

-Məlumdur ki, tədris etdiyiniz fənn şagirdlər üçün o qədər də asan qavranılmır. Yəni, xarici dili öyrənməkdə bəzi şagirdlər çətinlik çəkirlər. Sizin özünüzə məxsus tədris metodlarınız varmı?

 

-Hər bir müəllimin özünəməxsus metodu olduğu kimi, mənim də bir metodum var. Belə ki, bütün siniflər üzrə onlayn qrup yaratmışam. Biz bu qrupda dərslərimizi müzakirə edirik, suallar veririk. Məsələn, sinifdə keçdiyim hər hansısa mövzunu şagird əgər unudarsa, həmin qrupa göndərdiyim səs vasitəsilə yenidən xatırlamış olur. Bundan əlavə, şagirdlərimi həvəsləndirmək üçün addımlar atıram.

 

-Bacarıqlı və olduqca dünyagörüşlü bir pedaqoq olaraq gənc müəllimlərə nə tövsiyə etmək istərdiniz?

 

-Hazırda kurikulum təhsil sistemindəyik. Bu təhsil sistemini də bütün müəllimlər bilməlidir. Hər birimiz dövrdən asılıyıq və buna görə də dövrün tələblərinə cavab verməliyik. Ona görə də müəllim peşəsini sevməlidir.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox