Rəsmi qaydada açıqlanmasa da növbəti il kimya, fizika, biologiya, tarix, coğrafiya, informatika və texnologiya fənn müəllimləri sertifikatlaşdırma prosesindən keçəcəyi ilə bağlı fikirlər səsləndirlir.
Bəs görəsən, həmin fənn müəllimləri daha çox nəyə diqqət etməlidirlər? Bu prosesə necə hazırlaşmalıdırlar?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, istənilən halda fənn müəllimləri sertikatlaşma prosesinə hazır olmalıdırlar:
“Ölkədə dövlət mülkiyyətində olan ümumi təhsil məktəblərində, o cümlədən peşə təhsil müəssisələrində tam orta təhsildə keçirilən 14 fənni tədris edən müəllimlərin sertifikatlaşma prosesinin qaydaları 30 aprel 2020- ci ildə Nazirlər Kabinetinin 155 nömrəli qərarı ilə təsdiq olunub. Bu prosesə 2022-ci ildən başlanılıb.
İndiyə qədər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşma prosesi bitib. 2024-cü ildə riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşma prosesi keçirilib. Növbəti ildə də fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri müəllimləri sertifikatlaşma prosesinin cəlbi gözlənilir.
Həmin prosesin 2026-cı ildə başa çatacaq. Sonuncu 2026-cı ildə isə informatika, təsviri incəsənət, musiqi, texnologiya və fiziki tərbiyə müəllimlərinin sertifikatlaşma prosesinin keçiriləcəyi gözlənilir. Lakin qeyd etdiyim məsələ proqnozdur. Yəni sertifikatlaşmanın hansı ildə və fənlər üzrə keçirilməsi Elm və Təhsil Nazirliyinin əmri ilə yaradılmış Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası tərəfindən müəyyən olunur.
Həmin Şuranın bu proseslə bağlı qərar verməsi güman edirəm ki, növbəti ilin əvvəllərində (yanvar, fevral) gözlənilir. Ona görə də müəllimlərə tövsiyəm odur ki, istənilən halda sertikatlaşma prosesinə hazır olsunlar. Çünki bu proses müəllimlərin peşə yararlığını və peşəkarlıq səviyyəsini bildirir. Yəni həmin müəllim peşəsinə yararlı olub-olmaması müəyyənləşdirlir. O baxımdan hansı fənn üzrə sertikatlaşmanın baş tutmasından asılı olmayaraq müəllim istənilən vaxtı bu prosesə birmənalı şəkildə hazır olmalıdır”.