Cəmiyyətdə tez-tez müzakirə edilən məsələlərdən biri də müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarıdır. Belə ki, bəziləri imtahanların çətinlik səviyyəsindən şikayətçidirlər.
Ötən günlərdə Milli Məclisin deputatı, qurumun Elm və Təhsil Komitəsinin üzvü Mehriban Vəliyeva müsahibəsində qeyd edib ki, yaxın gələcəkdə ola bilsin MİQ-lə sertifikasiya imtahanlarının birləşdirilməsi istiqamətində addımlar atılsın.
Bəs, görəsən, MİQ və sertifikasiya imtahanlarının birləşməsi təhsilin inkişafına nə kimi təsir göstərəcək?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, MİQ müəllimlərin işə qəbulu müsabiqəsidir, lakin sertifikatlaşma prosesi isə hazırda məktəblərdə fəaliyyət göstərən müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılmasıdır:
“Müəllimlərin işə qəbul qaydaları Elm və Təhsil Nazirliyi tərəfindən, sertifikatlaşma qaydaları isə Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Müəllimlərin işə qəbulu, ayrılmış vakant yerləri üzrə təhsilverənlərə olan tələbatın ödənilməsi məqsədini güdür. Sertifikasiya imtahanı isə müəllimlərin peşə yararlılığını və peşəkarlıq səviyyəsini yoxlamaq üçündür.
Müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiyanın gələcəkdə birləşdirilməsi maraqlı bir təklifdir. Bu prosesin həyata keçirilməsi mümkün olsa da, yeni bir mexanizm tətbiq edilməlidir. İlk növbədə, sertifikatlaşma prosesinin müəllimlərin işə qəbulu prosesinə uyğunlaşdırılması zəruridir.
Beynəlxalq təcrübəyə görə, müəllimləri işə qəbul edərkən və ya sertifikasiyaya cəlb edərkən ixtisasla bağlı suallar verilməməlidir. Suallar daha çox metodika və fənnin metodikasına uyğun olaraq hazırlanır. Metodika sualları, pedaqogika və psixologiya ilə yanaşı, müəllimin tədris etdiyi fənnin metodikasını əhatə edir.
Bu səbəbdən, ilkin mərhələdə MİQ-in tamamilə ayrı bir proses olduğunu düşünürəm. Eyni zamanda, MİQ-ə və sertifikasiyaya qoyulan tələblər də fərqlidir. Bu baxımdan, birləşdirilməsinin hələlik tez olduğunu hesab edirəm”.
Ekspert qeyd edib ki, müəllimlərin sertifikasiyada topladığı bala uyğun dərəcələr müəyyənləşdirilməlidir:
“Müəllimlərin əməkhaqlarının differensiyallaşdırması məsələsi var ki, bu da öz növbəsində yarımçıq həyata keçirilib. Ona görə də bu sahə də müəyyən işlər görülməldir. Hər bir müəllimə onun sertifikasiyada təkcə topladığı bala görə deyil, eyni zamanda təhsilverənin pedaqoji fəaliyyət dönəmində əldə etdiyi nəticələrə görə əmək haqqı sistemi müəyyən olunmalıdır.
Digər bir tərəfdən isə sertifikasiyada da hazırkı əmək haqqı sisteminin tətbiqi də doğru deyil. Hesab edirəm ki, müəllimlərə əlavə olaraq dərəcələr verilməlidir. Həmin dərəcələr üzrə müəllimin əməkhaqqısı hesablanmalıdır. Yəni topladığı baldan əlavə olaraq dərəcələr üzrə də müəyyənləşdirilməlidir.
Qazaxıstan modelində "ustad", "aparıcı", "qabaqcıl" müəllim və s. bu kimi dərəcələr yer alır. Eyni zamanda müəllimlərə imkan yaratmaq lazımdır ki, öz ballarını artırmaq üçün könüllü şəkildə sertifikasiyada iştirak edə bilsinlər.
Sertifikasiya prosesi uzundur və ilk dəfədir ki, bu prosesi həyata keçiririk. Sertifikasiya 2026-cı ildə bitəcək. Növbəti mərhələdə isə artıq yeniliklər təbii ki, gözlənilir. İlk növbədə sertifikasiyanın müddətinin azaldılması yəni 2 ildən bir keçirilməsi əsas şərtlərdən biridir”.