Azedu.az

Bağça müəllimlərinin diaqnostikası sertifikasiyaya HAZIRLIQDIR

Sertifikasiya

16 Oktyabr 2024, 09:30
Bağça müəllimlərinin diaqnostikası sertifikasiyaya HAZIRLIQDIR

19-20 oktyabrda ilk dəfə bağçalarda pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə həyata keçiriləcək.

 

Bəs, görəsən, diaqnostik qiymətləndirilmə bağçalardakı mənfi hallara qarşı necə təsir edəcək?

 

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elşən Qafarov AzEdu.az-a açıqlama verib.

 

Müsahibimiz bildirib ki, 19-20 oktyabr tarixlərində məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi sertifikasiyaya hazırlıq xarakteri daşıyır:

 

“Bildiyimiz kimi 2011-2021-ci illərdə məktəbəqədər təhsil müəssisələri yerli İcra hakimiyyəti orqanlarının tabeliyində idi. Həmin dövrlərdə məktəbəqədər təhsil sistemi tənəzzül edib, hətta dağılmağa qədər gəlib çıxmışdı. Rayon İcra hakimiyyətləri məktəbəqədər təhsil müəssisələrini keçmiş sovxoz, kolxoz prinsipi əsasında idarə edirdilər. Bunun nəticəsidir ki, bu gün məktəbəqədər təhsil müəssisələrində çalışan hər 3 nəfərdən birinin ümumiyyətlə təhsili, hər 3 nəfərin isə bağça təhsili yoxdur. İxtisas təhsilinin olmaması böyük problemlər yaradır. Bu problemlərə görə, bu gün məktəbəqədər təhsil sisteminin optimallaşdırılması yaxud da islahatların həyata keçirilməsində çətinliklər yaranır.

 

Bağçada çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi onların daha sonrakı mərhələdə sertifikasiyaya hazırlaşmaları üçün keçid rolunu oynayır. Bu baxımdan təklif edərdim ki, məktəbəqədər təhsil müəssisələrinin strukturu tamamilə yenilənsin. Heç bir təhsili olmayan, eləcə də məktəbəqədər təhsil sahəsində diplomu olmayan şəxslərin bağçalardan uzaqlaşdırılması üçün mexanizm işlənsin.

 

Bununla bağlı biz Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) təkliflərimizi vermişik. Düşünürəm ki, təkliflərimiz qəbul olunarsa, məktəbəqədər təhsili olan gənclərimiz işlə təmin edilər, hər kəs öz peşəsində çalışar və məktəbəqədər təhsil pilləsində olan problemlərin bir hissəsi ortadan qalxar”.

 

E.Qafarov qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin tikintisi ilə bağlı dövlət proqramına ehtiyac var:

 

“Bu gün Azərbaycanda 500 mindən çox uşaq məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmalıdır. Ölkədə isə cəmi 18 min uşaq bağçaya gedir. Bu rəqəm çox faciəvidir. Ailə, yaxud da icma tipli məktəbəqədər təhsil layihələri uşaqların ümumi tələbatını ödəmir. Bu baxımdan məktəbəqədər təhsil müəssisələrində adambaşına maliyyələşmə sisteminə keçməli, o cümlədən özəl sektorun işinə təşviq vermək lazımdır.

 

Ölkədə heç 5% uşaq məktəbəqədər təhsil müəssisələrində təhsil almır. 1950 dövlət məktəbəqədər təhsil müəssisəsi var. Amma bizimlə eyni vəziyyətdə yaşayan digər ölkələrdə özəl sektora dəstək verilir. Nümunə üçün qeyd edim ki, Qazaxıstanın Astana şəhərində 650 məktəbəqədər təhsil müəssisəsi var ki, onun cəmi 120-si dövlət sektoruna aiddir. Bu baxımdan özəl sektoru təşviq etmək, adambaşına maliyyələşmə sisteminə keçid və valideynlərin seçimlərinə üstünlük vermək lazımdır. Ümumilikdə götürsək məktəbəqədər təhsil, təhsil pillələri arasında ən aşağı səviyyədə inkişaf edəndir. Bu baxımdan diaqnostik qiymətləndirmə bu islahatların bir hissəsidir”.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox