Azedu.az

Rəqəmsal dövrdə kitab sevgisi - müəllim uşaqları kitabxanaya necə qaytardı?

Şagirdlər

29 Oktyabr 2025, 10:14
Rəqəmsal dövrdə kitab sevgisi - müəllim uşaqları kitabxanaya necə qaytardı?

Bu  gün internet, sosial şəbəkələr və müxtəlif multimedia platformaları məlumatı daha sürətli əldə etməyə imkan verir. Bu vəziyyət ənənəvi kitabxanalara marağın azalıb-azalmadığı sualını gündəmə gətirir. Gənclərin kitabxanalardan nə dərəcədə istifadə etdiyi və bu səviyyənin cəmiyyət üçün qənaətbəxş olub-olmadığı aktual müzakirə mövzusudur.

Bu barədə Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, "İlin gənc müəllimi" Əlihüseyn Yaqubov AzEdu.az-a açıqlama verib.

171150

"İKT vasitələrinin hər ay, hər gün yeniləndiyi dövrdə uşaqları kitabxanaya cəlb etmək xüsusi maraq istəyir. Uşaqlar əyləncələrin  əlçatan olduğu internet resurslara daha çox maraq göstərirlər.

Zaman göstərir ki, nə qədər texnologiyalar inkişaf etsə də, kitabxanalar ən alternativ və təhlükəsiz bilik mənbəyi olaraq qalır".

Bəs biz uşaqları kitabxanalara necə cəlb edək?

"Bunun üçün müxtəlif variantlar təklif edərdim. Məsələn, müəllim məqsədli şəkildə ev tapşırıqlarını araşdırmaq üçün tapşırıqları kitabxanada olan resurslardan verə bilər. 

Ən maraqlı yol müsabiqələrdir. 2 həftə əvvəl dərs keçdiyim 6-cı sinfə "Yuxuların çin olduğu yerdə" adlı bir kitabı oxumağı təklif etdim. Kitabı ilk bitirənlər üçün hədiyyə nəzərdə tutmuşdum. Artıq uşaqların əksəriyyəti kitabı tamamlayıblar. Hədiyyə sinifdə bütün uşaqlar kitabı bitirdikdən sonra təqdim olunacaq. Belə olan halda şagirdlər bir-birini oxumağa sövq edirlər.

Uşaqlar üçün təklif etdiyim yolun maraqlı olduğunu nəzərə alaraq məktəbdaxili müsabiqə elan etdik. İndi şagirdlərimiz kitab oxumaq üçün hər gün kitabxanada olan kitablara üz tuturlar. Müsabiqənin maraqlı olacağını nəzərə alıb sosial şəbəkə hesablarımda da paylaşım etmişəm.

Yekun olaraq qeyd edim ki, kitabxanalara yanaşma bizim yaradacağımız maraqdan asılıdır. Biz nə qədər alternativ axtarsaq, o qədər uğurlu olacağıq. Əlbəttə, rəqəmsal resurslarla da informasiya əldə etmək, oxumaq olar, amma bu, sağlamlıq və təhlükəsizlik baxımından həmişə faydalı olmayacaq".

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox