Azedu.az

"Abituriyentlərə verilən "azadlıq vədləri" özbaşınalığa səbəb olur"

Şagirdlər

28 Oktyabr 2025, 10:59
"Abituriyentlərə verilən "azadlıq vədləri" özbaşınalığa səbəb olur"

Abituriyentlik dövrü gənclər üçün həm akademik, həm də psixoloji baxımdan ən gərgin mərhələlərdən biridir. Bu müddətdə valideynlər övladlarına daha sıx nəzarət edir, onlardan yalnız dərsə fokuslanmalarını tələb edirlər. Lakin ali məktəbə qəbul olunduğu an, həmin nəzarət çox vaxt kəskin şəkildə azalır və gənc yeni bir azadlıq mühitinə daxil olur.

Bu kontekstdə aktuallaşan suallardan biri də budur: valideyn nəzarəti necə tənzimləməlidir ki, həm inkişaf dəstəklənsin, həm də təhlükələrdən qorunma təmin olunsun?

Məsələ bağlı psixoloq Aytən Ələkbərova AzEdu.az-a açıqlama verib.

171040

"Abituriyentlərlə tələbələr arasında fərqlər elə ilk gündən, valideynlərin yanaşmasından başlayır. Bəzən valideynlər övladlarına belə deyir: “Sən bir ali məktəbə qəbul ol, nə istəyirsən edərsən, necə istəsən yaşayarsan”. Bu tip motivasiya cəhdləri əslində yanlış addımlardır. Çünki uşaq bunu bir növ “azadlıq vədinin” başlanğıcı kimi qəbul edir.

Abituriyentlik dövründə isə eyni o uşaqlar ciddi basqı altında olur: ancaq dərs oxu, yalnız dərs barədə düşün. Bu gərginlikdən birbaşa universitetdəki azad mühitə düşən gənclərin davranışlarında iki fərqli istiqamət müşahidə olunur. Bəziləri bu azadlıqdan normal şəkildə yararlanır. Bəziləri isə özbaşınalığa yol verir.

Bu özbaşınalığın nəticəsində elə hallarla rastlaşırıq ki, tələbələr birinci kursu belə yarımçıq qoyurlar və ya davranış qaydalarını pozduqları üçün universitetdən uzaqlaşdırılırlar. Çünki bəzən ali məktəbə qəbul olmaq həmin gənclərdə eqo yüksəlişinə səbəb olur və davranış pozuntuları ortaya çıxır.

Digər tərəfdən, tam əksi də baş verir: ali məktəbə qəbul olduqdan sonra bəzi tələbələrdə “tükənmişlik sindromu” yaranır. Yarım ilin ortasında artıq psixoloji gərginlik, motivasiya itkisi və sağlamlıq problemləri ilə üzləşirlər. Nəticədə bəziləri təhsillərini davam etdirməkdə çətinlik çəkir və belə şikayətlər eşidirik: “Sağlamlığım getdi, artıq oxuya bilmirəm”.

Bütün bu fərqli vəziyyətlərin yaranmaması üçün abituriyentlik dövründən etibarən valideynlərin daha diqqətli yanaşması vacibdir. Onlar övladlarına təkcə akademik bilik deyil, şəxsiyyət formalaşması üçün də dəstək verməlidirlər. Emosional cəhətdən gücləndirən söhbətlər, düzgün istiqamətləndirmə çox önəmlidir. Bəzi valideynlər psixoloqlara müraciət edir, bəziləri isə bu prosesi özləri idarə etməyə çalışırlar. Amma bəzən elə vəziyyət yaranır ki, abituriyentin ali məktəbə qəbul sevinci belə normal şəkildə yaşana bilmir".

Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı
Son xəbərlərDaha çox