Azedu.az

Hansı hallarda uşaqlar evdə təhsilə cəlb edilir? - Rəsmi CAVAB

Şagirdlər

16 Oktyabr 2025, 13:17
Hansı hallarda uşaqlar evdə təhsilə cəlb edilir? - Rəsmi CAVAB

Müasir təhsil sistemində fərdi yanaşma və inklüzivlik prinsiplərinin ön plana çıxması evdə təhsil modelinin aktuallığını artırıb. Əsasən sağlamlıq problemləri, psixoloji və ya fiziki məhdudiyyətlər, xüsusi təhsil ehtiyacları və ya sosial səbəblərlə məktəbə davam edə bilməyən uşaqlar üçün evdə təhsil alternativ bir çıxış yolu kimi təqdim olunur.

Maraqlıdır, hansı hallarda uşaqlar evdə təhsilə cəlb edilə bilər?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, rayon (şəhər) psixoloji-tibbi-pedaqoji komissiyalarının fəaliyyətinin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsil ehtiyaclarını müəyyənləşdirmək və bu əsasda onların xüsusi təhsilin müvafiq formasına cəlb olunması barədə qərar qəbul etməkdir:

"Bu zaman komissiyalar “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2024-cü il tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları” kimi normativ hüquqi aktların  tələblərini əsas götürürlər.

Qeyd edək ki, diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nda qeyd edilmiş sağlamlıq imkanları məhdud uşaqların evdə təhsilə cəlb edilməsi davam edir. Yalnız uşağın sağlamlığında olan məhdudiyyət xəstəliklər siyahısındakı diaqnoza uyğun gəldikdə bu qərar qəbul edilir. Digər hallarda uşaqlar xüsusi, inteqrasiyalı,  inklüziv  və ya ümumi  təhsil müəssisəslərində təhsilə cəlb edilirlər. Valideynlərə bildiririk ki, psixoloji-tibbi-pedaqoji komissiyanın qərarları uşaqların fərdi inkişafının dəstəklənməsinə, tədris prosesində fasiləsiz iştirakına və onların sosial inteqrasiyasının təmin olunmasına xidmət edir",- deyə MÜTDA-dan məlumat verilib.

Putin Mehdiyevi SATDI - Əliyevə gizli dosye verildi
Son xəbərlərDaha çox