Azedu.az

700 bal toplamaq çətinləşib, amma abituriyentlər daha obyektiv qiymətləndirilir

Şagirdlər

3 Oktyabr 2025, 15:21
700 bal toplamaq çətinləşib, amma abituriyentlər daha obyektiv qiymətləndirilir

Hər il 700 bal toplayan abituriyentlər həmişə diqqət mərkəzində olurlar. Əvvəlki illərlə müqayisədə maksimum nəticə göstərilən il 2018-ci il olub. Belə ki, həmin ildə 29 nəfər 700 bal toplayıb. Lakin 2019-cu ildən etibarən bu rəqəmlərdə xeyli dəyişiklik olub.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, 700 bal toplayanların sayı həmişə diqqət mərkəzində olur, amma unutmayaq ki, bu rəqəm təkbaşına təhsilin keyfiyyətini ölçmür:

"Keçmişdə testlər çox vaxt faktların əzbərlənməsinə və sürətli cavablandırmaya əsaslanırdı və buna görə də maksimal nəticə qazanmaq daha asan idi. Sualların məzmunu əsasən yaddaşı yoxlayırdı və bu da yüksək balı daha əlçatan edirdi. Son illərdə həyata keçirilən kurikulum islahatları isə öyrənmə fəlsəfəsini dəyişdi. İndi şagirdlərdən yalnız məlumatı xatırlamaq yox, onu təhlil etmək, məntiqi əlaqə qurmaq, real həyatda tətbiq etmək, müxtəlif mənbələri müqayisə etmək tələb olunur. Bu səbəbdən maksimal nəticə qazanmaq daha çətin olub, amma bu, təhsilin zəifləməsi demək deyil əksinə, qiymətləndirmə indi daha obyektiv və bacarıq yönümlüdür.

Dünyada da oxşar dəyişikliklər baş verir. Məsələn, Finlandiya, Estoniya, Koreya kimi uğurlu təhsil sistemlərində testlər fakt yoxlanışından tənqidi düşünmə və tətbiqetmə bacarıqlarına keçdikcə maksimal bal alanların sayı azalır. ABŞ-də SAT və ACT imtahanlarında da analitik düşünmə və məntiqi yanaşma payı artdıqca ən yüksək nəticələr daha az sayda olur. Bu zəiflik yox, daha real qiymətləndirmədir və gələcək bacarıqlara uyğunlaşmanın göstəricisidir.

Mən həm müəllimləri, həm də valideynləri çox yaxşı anlayıram. Hamımız övladlarımızın və şagirdlərimizin yüksək nəticə göstərməsini istəyirik, amma artıq qəbul etməliyik ki, uşaqlara yalnız əzbərə əsaslanan bilik öyrətmək kifayət etmir. Əsas olan onların analiz, təhlil, məntiqi düşüncə və yaradıcı yanaşma bacarıqlarını inkişaf etdirməkdir. Biz müəllimlər və valideynlər olaraq bu yeni yanaşmaya uyğunlaşmalı, övladlarımızı yalnız test həllinə deyil, düşünməyə, tətbiq etməyə, problemləri həll etməyə yönləndirməliyik. Bunun üçün elə mürəkkəb və bahalı resurslara ehtiyac yoxdur.

Məsələn, valideynlər evdə uşaqlara oxuduqları mətnlər barədə suallar verə, onları cavabı əzbərləməyə deyil, izah etməyə təşviq edə bilərlər. Müəllimlər dərslərdə sadəcə qayda öyrətməklə kifayətlənməyib, onu müxtəlif situasiyalara tətbiq etdirməli, uşaqları müzakirə və təhlilə cəlb etməlidirlər. Valideynlər gündəlik həyatda sadə problemləri uşaqlarla birlikdə həll edə, alış-verişdə qiymətləri hesablamağı və ya xəbərləri oxuyub səbəb-nəticə əlaqəsini tapmağı öyrədə bilərlər. Hətta evdə mütaliə zamanı uşağın fikrini soruşmaq, onun analiz etməsini istəmək belə böyük fərq yaradır.

Biz hamımız eyni istiqamətdə daha düşünən, daha yaradıcı və daha çevik gənclər yetişdirmək istiqamətində işləsək, nəticələr yalnız rəqəmlərdə deyil, uşaqların real bacarıqlarında özünü göstərəcək. Bəli, bəlkə əvvəlki illərin statistikası dəyişir, amma bu günün gəncləri daha mürəkkəb bacarıqlara sahib olur və gələcək üçün daha dayanıqlı biliklər qazanır. Əsas məqsədimiz sadəcə yüksək bal deyil, qlobal rəqabətə hazır düşünə bilən və öyrəndiklərini tətbiq edən fərdlər yetişdirməkdir".

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox