Uşaqlarımızı məktəbə göndərərkən müəlliminə ilk sözümüz bu olur: “Elə bil ki, öz övladındır. Sən onun ikinci anasısan". Biz də bu hislərlə böyümüşük - müəllim bizim məktəbdəki valideynimizdir və problemlərimizi onunla bölüşə bilərik.
Bu fikirləri psixoloq Aytən Ələkbəova AzEdu.az-a danışarkən bildirib.
Məktəb dönəmində uşaqların xarakteri fromalaşır
"Hətta biz danışmasaq belə o bizim ən kiçik problemimizi də asanlıqla sezə bilər. Həmin anda onun dəstəyi bizi problemdən xilas edir.
Uşaqların bir insan kimi psixi xüsusiyyətləri, xarakteri məhz 7 yaşadək formalaşır. Məktəbə başladıqları yaş artıq onların ikinci şəxsiyyət dönəmləridir. Bu dövrdə müəllim uşağın xarakterində müəyyən nüanslara toxunuş da edə bilər. Lakin uşaqlar öz analarına olan sevgilərini heç vaxt itirmirlər. Hər bir uşaq məktəb çıxışında onu gözləyən ananı eyni sevinclə qarşılayır.
Analara tövsiyəmiz odur ki, məktəbi övladlarına cəza yeri kimi təqdim etməsinlər. “Səni sabah məktəbdən götürməyə gəlməyəcəm” və ya “Sənin yerin məktəbdir” və s. Belə yanlış davranışlar uşaqlarda anaya qarşı soyuqluq yarada bilər. Bu isə analarından uzaqlaşaraq müəllimlərinə daha da yaxınlaşmasına səbəb olur. Lakin zamanla uşaqlar yuxarı siniflərə keçdikcə, onlara dərs deyən müəllimlərin sayı artdıqca hər şey öz normasına qayıdır.
Müəllimlərin şagirdlər arasında fərq qoymaması da olduqca vacibdir. Uşaqlar bu fərqi hiss etdikdə, həyat boyu natamamlıq kompleksinə səbəb ola biləcək travmalar yarana bilər.
Cəmiyyətimizdə müsbət keyfiyyətləri ilə seçilən müəlllimlər uşaqların həyatında əsas rol oynayır. Biz də onların peşəsini övladlarımıza düzgün ötürməliyik".