Uşağın sağlam inkişafı üçün düzgün məktəbli çantasının seçilməsi son dərəcə önəmlidir. Düzgün seçilməmiş çanta yalnız narahatlığa səbəb olmur, həm də onurğa, çiyin və bel problemlərinə yol açır. Xüsusilə ibtidai sinif şagirdləri üçün çanta seçərkən valideynlərin diqqətli olması vacibdir. 14 yaşadək uşaqların 8-10 kiloluq məktəbli çantası götürməsi qətiyyən yolverilməzdir. Çünki uzun zaman ağır çanta daşımaq uşaqlarda skoliyoz, kifoz kimi xəstəliklərin yaranmasına səbəb olur. Ağırlıq səbəbindən onurğa sütunu gərilir, tədricən deformasiyaya uğrayır və nəticədə uşaqlarda bel önə doğru əyilir, yəni uşağın kürək hissələri donqarlaşır.
Düzgün məktəbli çantasını necə seçmək olar?
Mütəxəssislər uşaqlar üçün ortopedik çantalar almağı məsləhət görürlər. Bu çantalar uşağın onurğa quruluşuna uyğun şəkildə hazırlanır. Bel və çiyin nahiyəsində yastıqlı və bədəni dəstəkləyən struktura malik olan bu çantalar, yükün bərabər paylanmasına kömək edir. Bu da uşağın sağlam duruşunu qorumağa kömək edir.
Çantanın ölçüsünü də düzgün seçmək çox önəmlidir. O nə çox böyük, nə də çox kiçik olmalıdır. Uşağın boyuna və yaşına uyğun ölçüdə çanta seçilməlidir. Çantanın yuxarı hissəsi çiyinlərdən yuxarı qalxmamalı, aşağı hissəsi isə beldən aşağı düşməməlidir.
Çanta özü yüngül materialdan hazırlanmış olmalıdır. Ümumi qayda olaraq, dolu çantanın çəkisi uşağın çəkisinin 10-15 faizini keçməməlidir. Əks halda bu, uşağın fiziki inkişafına mənfi təsir göstərə bilər. Çantanın çiyin kəmərləri geniş və yumşaq olmalıdır. Dar kəmərlər çiyinlərə təzyiq göstərərək ağrıya və narahatlığa səbəb ola bilər. Həmçinin, kəmərlərin tənzimlənə bilən olması vacibdir ki, çanta uşağın bədəninə uyğunlaşdırılsın. Çantanın içində müxtəlif bölmələrin olması həm təşkilatlanmanı asanlaşdırır, həm də ağırlığın bərabər paylanmasına kömək edir. Əsas dərs vəsaitləri bir bölmədə, digər əşyalar isə ayrıca yerləşdirilə bilər.
Məktəb çantası davamlı və su keçirməyən materialdan hazırlanmalıdır. Hava şəraitindən asılı olaraq dərs vəsaitlərinin zədələnməsinin qarşısını almaq üçün bu vacib amildir. Fermuarların və tikişlərin keyfiyyəti də uzunömürlü istifadə üçün önəmlidir.
Ən ideal məktəbli çantaları
Çanta satışı ilə məşğul olan Samir Namazovun sözlərinə görə, uşaqlar üçün yüngül, davamlı materialdan hazırlanan, yaxşı yastıqlı ortopedik çanta seçmək lazımdır. Çiyin qayışları geniş, arxa panel yastıqlı və sinə kəməri olan modellər ən idealdır. Həmçinin tənzimlənən qayışlar uşaq böyüdükcə ona uyğun tənzimləmələr aparmağa imkan verir. Bütün bunlar sağlamlıq və rahatlığın zəmanətidir: “Çanta çox ağır olmasın deyə, boş çəkisinin 700 qramı keçməməsi tövsiyə olunur. Bu, dolu vəziyyətdə uşağın daşıya biləcəyi yükü azaltmağa kömək edir. Çantanın həm arxa paneli, həm də çiyin qayışları yastıqlı və enli olmalıdır. Bu, yükün bərabər paylanmasını təmin edir və onurğa üçün zərər riskini azaldır. Mən həmişə alıcılara uşağın yaşı, boyu və çəkisinə görə çanta təklif edirım. Məsələn, 8 yaşadək uşaqlar üçün içindəkilərlə birlikdə 2 kg, 8-12 yaş üçün 4 kg, 12-15 yaş üçün isə təqribən 5 kg çəkidə çantalar məsləhət görülür. Naylon və polyester kimi möhkəm, yüngül və asan təmizlənən materiallardan hazırlanan çantalara üstünlük verilməlidir. Fermuarlar və tikişlər davamlı və möhkəm olmalıdır. Əsasən və yan ciblərin kifayət qədər olmasına diqqət edilməlidir. Bu, əşyaların ağırlıq mərkəzinin qorunmasına və istifadə rahatlığına kömək edir. Bununla yanaşə qayışların tənzimlənə bilməsi uşağın bədən quruluşuna uyğunlaşmağa imkan verir. Sinə və bel kəmərləri yükü sabit saxlayır və daşıma zamanı tarazlığı artırır. Təkərli modellər, xüsusilə ağır yüklərdə faydalı ola bilər, baxmayaraq ki, bəzən əlavə güc tələb edə bilər”.
Onurğa önə əyilir, çiyinlər qalxır...
Həkim-terapevt Gülçöhrə Vəliyeva deyir ki, çanta uşağın çəkisinə uyğun seçilmədikdə bu, onurğanın önə əyilməsinə, çiyinlərin qalxmasına səbəb olur. Belə hallar kifoz (onurğa əyriliyi) kimi duruş pozğunluqlarının yaranmasına səbəb ola bilər: “Ağır və ya yanlış daşıma tərzi onurğa sütununda deformativ dəyişikliklərə gətirib çıxarır. Ağır çanta daşımaq uşaqlarda onurğa əyriliyi ilə yanaşı əzələ-oynaq ağrılarına və yorğunluğa səbəb olur. Dar və sərt qayışlar isə sinirlərə təzyiq göstərərək əl və qolda ağrı və keyimə yaradır. a bilər. Çantanın içərisinə su və yeməyin qoyulması isə onu daha da ağırlaşdırır. Ona görə də yemək üçün ayrıca qida çantasından istifadə olunmalıdır”.
Həkim vurğulayıb ki, kürək çantaları mütləq şəkildə hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər.
Xaricdə uşaqlar ağır çanta yükündən xilas edilib
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaqları ağır çanta yükündən xilas etmək üçün müxtəlif metodlardan istifadə olunur.
"Məsələn, Amerikada uşaqlar çantalarında evə hər gün kitab aparmırlar. Kitablar yalnız sinifdə istifadə edilir. Müəllim onların evdə edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. Bəzi məktəblərin sinif otaqlarında isə şkaflar mövcuddur. O şkaflarda şagirdlərin hər birinin özünə məxsus gözü var. Onalar ağır kitabları və məktəbliyə lazım olan əşyaları o şkaflara qoyurlar. Beləliklə, uşaqlar özləri ilə yalnız lazım olan ləvazimatları daşıyırlar. Britaniya və Finlandiya məktəblərində isə şagirdlər ev tapşırıqlarını məktəbdə edir. Evə verilən tapşırıqlar yaradıcı işlər olur. Bəzi ölkələrdə isə şagirdlər ümumiyyətlə, məktəbə kitab aparmırlar. Belə ölkələrin təhsil sistemində İKT-nin tətbiqi sayəsində şagirdlər məktəbdə dərslərini ənənəvi dərsliklər vasitəsilə yox, elektron lövhələr vasitəsilə keçirlər: “Dərslik rolunu e-dərsliklər oynayır. Bir çox Avropa ölkələrinin təhsil sistemində xeyli müddətdir ki, elektron dərslik tətbiq edilir. Bu sistemin üstünlükləri ondan ibarətdir ki, valideynlər uşaqlarının dərs cədvəlinə, ev tapşırıqlarına, qiymətlərinə, dərsə davamiyyətinə, yoxlama işlərinin və imtahanların nəticələrinə baxa bilirlər. Azərbaycanda da artıq şagirdləri çanta yükündən xilas etmək üçün bir sıra addımların atılmasına ehtiyac var”.
Ağır çantaları daşımaq valideynlər üçün də yükdür
Təhsil eksperti Kamran Əsədov bildirib ki, indi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynləri daşıyır. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir:
“Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib.
Çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Bilirsiz, şagird hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftərini özü ilə götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır.
Vəziyyətdən çıxış yolu çalışma dəftərlərini sinifdə saxlamaq, tədris olunan fənlərin sayını azaltmaq və kitabların həcmində ixtisarlar etməkdir”.
Ekspertin sözlərinə görə, Amerikada uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində də deyillər. Müəllim onların edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. ABŞ-də uşaqların maraqlı cəzalandırılması və mükafatlandırılması üsulu da var: “ABŞ-da həftənin 5-ci gün isə şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur. Artıq ölkədə uzun illərdir ki, şagirdlərin çantalarının ağır olması məsələsi müzakirə olunur. Amma hələ də məsələnin həlli istiqamətində bir qərara gəlinməyib. Yaxşı olar ki, uşaqların sağlamlığı naminə bu problemin həllinə çalışılsın”.
Nərmin Qarazadə