Son illərdə müşahidə olunan bir tendensiya var: artıq gənclik yox, gəncliyə qədərki dövr - yəni məktəbyaşlı uşaqlar belə, indiki zamanın qaydalarına uyğunlaşmağa, pul qazanmağa meyllidirlər.
Təhsil jurnalisti Məzahir Məmmədli bu məsələyə diqqət çəkərək, AzEdu.az-a açıqlamasında qeyd edir ki, aşağı sinif şagirdlərində belə artıq təşəbbüskarlıq və qazanc yönümlü düşüncə formalaşır:
"Bu dəyişikliklər həm təhsil sistemində, həm də cəmiyyətin ümumi tərbiyə modelində dönüş yaratmaq zərurətini ortaya qoyur".
Pul qazanmaq həvəsi erkən yaşlara düşür
"İndi artıq aşağı siniflərdə oxuyan uşaqlar belə, pul qazanmağa can atırlar. Məsələn, bir sinifi götürsək, orada artıq hansısa vasitələrlə, hansısa yollarla pul qazanmaq həvəsi yaranıb. Hətta ali təhsil müəssisələrində də bu meyil özünü göstərir. Qeyd olunur ki, 14 min tələbə ali məktəblərdən kənarlaşdırılıb. Onlardan bəziləri təhsil haqqını ödəyə bilmədiyi, digərləri ixtisas uyğunsuzluğu səbəbindən təhsildən uzaqlaşıb. Amma elələri də olub ki, ilkin biznes cəhdləri uğursuz alınsa belə, bu istəyə görə universitetdən kənarda qalıblar.
Bu isə o deməkdir ki, zamanın diktəsi gəncləri təhsildən daha çox qazanca yönəldir. 5-ci, 6-cı sinifdən etibarən şagirdlər təhsilə hazırlaşmaqla yanaşı, bəzən valideynlərini aldadaraq repetitor adıyla başqa istiqamətlərə yönəlirlər. Bu da onların qazanc yolları axtardığını göstərir. Sosial şəbəkələrin, xüsusilə TikTok-un təsiri burada böyük rol oynayır və pis vərdişlərə aludəçilik yaradan platforma kimi qiymətləndirirəm.
Cəmiyyətin və medianın üzərinə düşən məsuliyyət
"Bu gün ailələrdə böyüyən uşaqları cəmiyyət çox tez tərbiyələndirir. Akademik göstəriciləri zəif olan şagirdlər isə daha çox kriminal meyillərə, ticarətə və vaxtı mənasız yerə keçirməyə meylli olurlar.
Çıxış yolunu məktəb, valideyn və cəmiyyətin birlikdə işləməsində görürəm. Xüsusilə media, xüsusilə də televiziya kanallarının bu sahədə tədqiqatçı rolunu oynaması vacibdir. Sosial şəbəkələrin təsirini minimuma endirmək üçün valideynlərin daha ciddi nəzarət etməsi və məhdudiyyətlər tətbiq etməsini təklif edirəm. TikTok deyilən bir bəla yığışdırılmalıdır. Məncə, Azərbaycan gəncliyinə ümumilikdə ən çox ziyan verən şəbəkələrdən biridir”.