Müasir dövrdə təhsildə texnologiyadan istifadə bir tərəfdən imkanlar yaratsa da, digər tərəfdən uşaqların psixoloji və sosial durumuna ciddi təsirlər göstərir.
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova AzEdu.az-a açıqlama verib.
O bildirib ki, bugünkü cəmiyyətdə təhsili telefon üzərindən qurduğumuz zaman biz artıq özümüz də bilmədən övladlarımızın telefona olan marağını və asılığını bir az da artırmış oluruq: "Baxın, əvvəlki təhsil sistemində telefon yox idi. Mən demirəm ki, biz yeniliyə inteqrasiya etməyək, təbii ki, yenilikdən geri qalmamalıyıq. Amma əgər cəmiyyətə təsir edən ən böyük güclərdən biri olan təhsil artıq dərsini telefon üzərindən qurursa, bu, bir çox ailələrdə uşaqlar üçün yaranacaq ən gözəl bəhanəyə çevriləcək. İndi istər kənd olsun, istər şəhər, istər başqa bölgələr – hər bir yerdə uşaqlar deyir: “Mənim telefonum olmasa dərsimi necə oxuyum?” Amma sual budur: o telefon onun əlində olanda, doğrudanmı təhsilə meyli artır, yoxsa o, əyləncə vasitələrindən istifadə edir?"
Telefon asılılığı və ünsiyyət böhranı
"Müxtəlif istirahət mərkəzlərində uşaqları müşahidə edirəm, görürəm ki, hətta gənc valideynlərdə də bu problem var. Məsələn, biri şəkil çəkdirərkən xəbərsiz qalır, uşaq suya düşüb boğulur. Və ya uşaqlar bir-birilə ünsiyyətdə olmaq əvəzinə, bir-birlərinə arxa çevirirlər. Hərəsinin əlində bir telefon. Ünsiyyətə yalnız oyunlar vasitəsilə daxil olurlar. “Mən daha çox xal topladım” deyə öyünürlər. Hətta yemək yeyərkən belə gözləri telefondadır. Valideyn irad bildirəndə isə ya kənardan müdaxilə olunur, ya da deyilir ki, “çox üstünə getmə, başa sal”. Amma necə başa salacağını bilmədikdə, bəzi valideynlər təəssüf ki, fiziki zorakılığa əl atırlar. Nəticədə görürsən ki, normal bir insan, bir az böyüyəndə, yeniyetməlik dövründə artıq şəxsiyyət pozuntusu yaşamağa başlayır. Basqı və telefon asılılığı bir-birini o qədər tamamlayır ki, baxırsan, normal ailədə böyüyən bir uşaqda belə qəribə davranış pozuntuları, insanlarla ünsiyyətdə çəkincə halları yaranır. Kənardan baxan deyir: “Görəsən bu uşağın ruh halında nə baş verir?”
Həll yolu ünsiyyəti geri qaytarmaqdır
"10 günlük istirahətimdə müşahidə etdiyim ailələrdə və uşaqlarda bu məqamları görüb ürəklə bu müsahibəni verirəm. Çünki müşahidələrimi o qədər diqqətlə aparmışam ki, əsl səbəbləri görə bilmişəm. Və bu gün həmin məqamları gördükdən sonra, artıq iş prosesində yeniyetmələr bizə müraciət edərkən, ilk olaraq onun psixoloji xüsusiyyətlərini nəzərə alaraq yanaşmağa çalışıram. Yəni psixoloji xüsusiyyətinə əsasən düşünürəm ki, bu uşaqla necə münasibət qura bilərəm. Ona görə də çalışmalıyıq ki, təhsili telefona bağlamayaq, əksinə, özümüzü telefondan ayıraq. Əgər biz təhsili də telefona yükləsək, nəticədə ömrümüzü də bu qurğuya bağlamış olacağıq. Ona görə də bu gün uşaqlara yönəlik iradlar çox yumşaq, izahlı, sevgi dolu şəkildə olmalıdır ki, onlar bir-birilə ünsiyyət qura bilsinlər. Çünki əgər ünsiyyət qurmaq problemi böyüyərsə, sabah insanlar arasında duyğusuzluq, insafsızlıq halları baş verəcək. Bu səbəbdən də bacardığımız qədər bu asılıqlara nida qoymalıyıq – nöqtə yox".