Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının №12 (2024) buraxılışında qeyd olunur ki, 2024-cü il ali təhsil müəssisələrinə qəbul zamanı plan yerlərinin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda müəyyən edilməsi bir sıra hallarda qeyri-sağlam rəqabət mühiti yaradıb. Nəticədə, bəzi ixtisaslarda daha yüksək bal toplayan abituriyentlər qəbul ola bilmədiyi halda, aşağı balla qəbul faktları müşahidə olunub.
AzEdu.az xəbər verir ki, II ixtisas qrupunda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə:
- Azərbaycan bölməsi üçün ayrılan yerlər tam dolub (minimal bal 397.700),
- Rus bölməsi üçün ayrılan 3 yer isə boş qalıb (minimal bal 236.800).
Oxşar vəziyyət I ixtisas qrupunda da qeydə alınıb. Eyni akademiyanın “Kompüter elmləri” ixtisası üzrə:
- Azərbaycan bölməsi üzrə minimal bal – 590.000,
- Rus bölməsi üzrə minimal bal – 434.800 olub.
Jurnalda vurğulanır ki, qəbul planı hər iki bölmə üçün birgə müsabiqə əsasında aparılsaydı, daha hazırlıqlı Azərbaycan bölməsi abituriyentləri bu yerlərə qəbul olmaq imkanı əldə edə bilərdi.